Baxçasaray məntəqələri boş qalıb KRIMDA REFERENDUM

Simferopolda isə aşıb-daşır
Baxçasaray məntəqələri boş qalıb KRIMDA REFERENDUM

Krım yarımadasının Rusiya Feederasiyasının subyekti kimi tanınmasına istiqamətlənmiş və beynəlxalq dairələr tərəfindən tanınmayan referendum günü ilginc hadisələr yaşanmaqdadır. SİA Ukrayna saytlarına istinadən xəbər verir ki, Krımın Baxçasaray bölgəsində, xüsusilə tatarların yaşadığı ərazilərdə seçki məntəqələri boş qalıb və heç kim səsverməyə qatılmır. Belə ki, Krım tatarları yarımadanın Ukrayna ərazisi kimi qalmasının tərəfdarıdırlar.

Lakin kazakların daha çox yaşadığı ərazilərdə, xüsusilə, Simferopolda seçki məntəqələri aşıb-daşır. Rusiyaya birləşmək tərəfdarları kütlə ilə fəallıqlarını saxlamaqdadırlar.

Bu arada, Krımın Rusiyaya birləşdirilməsini istəməyən ukraynalıların evlərindən çıxarılaraq, güc yolu ilə seçki məntəqələrinə aparılmaları haqqında məlumatlar verilməkdədir. Belə ki, milis və özünümüdafiə kazak dəstələri seçkilərdə iştirak etməyən sakinləri hətta küçənin ortasında səs verməyə məcbur edir, imtina edənlərə isə müxtəlif hədə-qorxular gəlirlər.

Xatırladaq ki, ABŞ-la yanaşı, Avropa İttifaqı da Krım referendumunu tanımadıqlarını bəyan ediblər. Bəyanatda bildirilir ki, orada Aİ-dən olan müşahidəçilər yoxdur. Qeyd olunur ki, bu referendum heç bir konstitusiya müddəalarına və qanunvericiliyə cavab vermir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə