Roma Papası ABŞ Konqresində çıxış etməyə dəvət olunub

Roma Papası ABŞ Konqresində çıxış etməyə dəvət olunub

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner Roma Papası Fransiskə məktub göndərərək, onu ABŞ Konqresinin hər iki palatası qarşısında çıxış etməyə dəvət edib.

Roma Katolik Kilsəsi rəhbərinin ABŞ-a gələn il sentyabr ayında səfər edəcəyi gözlənilir. Səfər müddətində o, Vaşinqtondan əlavə Filadelfiyaya da gedəcək.

Prezident Barak Obama bu ay Avropaya səfər çərçivəsində pontifik ilə görüşməyi planlaşdırır. Həmin görüş martın 27-də Vatikanda olmalıdır.

ABŞ-da katolik məzhəbinə etiqad edən rəsmi nümayəndələr arasında ən yüksək vəzifəli şəxs sayılan spiker Beynerin məktubunda deyilir: "Papa Fransiskə öz ehtiramımı və heyranlığımı bildirərək onu Müqəddəs Taxt-Tacın rəhbəri və Qərb yarımkürəsini təmsil edən ilk Roma Papası kimi Konqresin hər iki palatası qarşısında çıxış etməyə dəvət edirəm".

ABŞ Nümayəndələr Palatasının spikeri ölkənin dövlət iyerarxiyasında prezidentdən və vitse-prezidentdən sonra üçüncü şəxsdir.

Beynerin bəyanatında vurğulanır ki, Roma Papası Fransisk öz şəxsi nümunəsi ilə milyonlarla amerikalını ruhlandırır, insanları "mərhəmətli, bağışlayan olmağa, həmrəyliyə və Tanrıya sidq-ürəklə xidmətə" sövq edir.

Amerikalı katoliklər arasında keçirilmiş çoxsaylı ictimai rəy sorğuları Roma Papası Fransiskin bu insanlar arasında çox populyar olmasını təsdiq edir. Yaxın vaxtlarda aparılmış araşdırma göstərmişdir ki, katolik məzhəbli ABŞ vətəndaşlarının 80 faizdən çoxu pontifikə müsbət münasibət bəsləyir. Təxminən eyni sayda insan belə hesab edir ki, Fransisk Roma Katolik Kilsəsini düzgün istiqamətə yönəldib.

Xarici ölkələrin liderlərinin ABŞ Konqresinin hər iki palatası qarşısında çıxış etməsi Amerikanın siyasi həyatında çox nadir hadisədir. Adətən bu şərəfə yalnız Amerikanın etibarlı müttəfiqləri hesab edilən dövlət başçıları layiq görülür.

Yerli müşahidəçilərin fikrincə, Roma Katolik Kilsəsinin rəhbərinin Kapitoliyə gəlişi görünməmiş hadisədir.

Bütün xəbərlər Facebook səhifəmizdə