Yeni Zelandiya dövlət bayrağını dəyişməyə hazırdır

Yeni Zelandiya dövlət bayrağını dəyişməyə hazırdır

Yeni Zelandiya yaxın üç ildə dövlət bayrağını dəyişə bilər. Bu məsələlərə dair ümummilli referendum keçirilməsi ideyasını irəli sürmüş baş nazir Con Key belə hesab edir ki, ölkənin indiki bayrağı Yeni Zelandiyanın vaxtilə müstəmləkə olmasının rəmzidir.

Müstəmləkəçilik dövründən bəri bu ölkənin istifadə etdiyi bayraq rəmzi mənada Böyük Britaniyanın dominantlığını əks etdirir. Lakin hökumət başçısı əmindir ki, həqiqətdə heç bir dominantlıq yoxdur.
Con Key deyib: "Mən müasir Yeni Zelandiyanın təkamülündə daha bir addım atmağı, müstəqilliyimizi yeni bayraqla təsdiqləməyi təklif edirəm".
Yeni Zelandiya bayrağının əsasını İngilis gəmilərinin arxa tərəfində asılan, yuxarı sol küncündə "Yunion Cek"in kiçildilmiş versiyası yerləşən göy rəngli bayraq təşkil edir. Yeni Zelandiya bayrağında əlavə olaraq qırmızı rəngli 4 ədəd beşguşəli ulduz çəkilib. Bu ulduzlar Cənub Xaç Bürcünü göstərir. İşlər uğurla getsə "Yunion Cek" gümüşü rəngli ayıdöşəyi simvolu ilə əvəz edilə bilər.
Con Key qeyd edib ki, bu il sentyabr ayında keçiriləcək parlament seçkilərində onun başçılıq etdiyi hakim Milli Partiya qalib gələrsə, baş nazir öz planını reallaşdıracaq. Lakin hakim partiya məğlub olacağı halda da referendum keçirilə bilər.
Müxalifətçi Leyboristlər partiyasının lideri Devid Kanliff Keyin təşəbbüsünü sona çatdıracağını vəd edib, çünki "proses artıq başlanıb və ictimaiyyət bu prosesin davam etdirilməsində maraqlıdır".
İctimai rəy sorğuları nəticəsində məlum olub ki, Keyin partiyası bu gün ölkədə ən populyar partiyadır və sentyabrın 20-də keçiriləcək seçkilərdə onun qalib gəlməsi şansı yüksəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə