Ukraynada davam edən siyasi böhran söz yox ki, dünya ictimaiyyətinin maraq dairəsində olması ilə yanaşı, beynəlxalq siyasi arenada da müxtəlif rakurslarda baxışları ehtiva etməkdədir. Daha dəqiq desək, hazırda "soyuq müharibə" adlandırılan amilin cücərməsi ehtimalı səbəbindən dünya yenidən yürüdülən çoxyönlü siyasəti nəzərdən keçirməyə başlayıb.
Əslində, bu siyasət qatarı öz hərəkətinə ərəb ölkələrində baş verən hadisələrdən başlayıb və nəticə etibarı ilə Ukraynada son dayanacaqdadır. Ona görə son dayanacaqdadır ki, artıq burada Qərblə Rusiyanın arasında sonuncu və qəti qarşıdurma yaşanmaqdadır. Belə ki, Qərb Rusiyaya açıq şəkildə qəti sözünü deməyə başlayıb.
Beləliklə, Rusiya Ukraynadakı rusların və rusiyapərəst dairələrin "maraqlarını qorumaq" adı altında Krım yarımadasına, həmçinin, Ukraynanın Şərq hissəsinə qoşun hissələrini yollayıb. Və əlbəttə ki, heç kim ortada bu "xilsakarlığı" görmür. Ona görə görmür ki, həmin "xilsakarlığın" arxasında məhz Rusiyanın Qərbə doğru genişlənməyi nəzərdə tutan sərhədləri əldən verməmək cəhdirir.
Digər tərəfdən, Qərb də eyni motivdə, sadəcə Şərqə doğru genişlənməyi nəzərdə tutan sərhədləri "rus ayısı"nın pəncələri alltında buraxmaq fikrində deyil. Bu baxımdan, Ukrayna olayları son sözün deyildiyi məkandır.
Putinin Merkelə diplomatik ifadələri
Hazırda Qərb Rusiyanı iqtisadi və digər sanksiyalarla hədələməyə başlayıb. Məsələn, Almaniyanın kansleri Agela Merkel Krımın Rusiyanın nəzarətinə keçməsi istiqamətində keçiriləcək referendumla bağlı Rusiya prezidenti Vladimir Putinə qəti sözlərini deyib. Telefon danışığı zamanı Merkel 16 mart referendumunu Konstitusiyaya və beynəlxalq hüquqa, ədalətə zidd hesab etdiyini bəyan edib.
Merkel eyni zamanda Almaniya hökuməti ilə məsləhətləşmələrdə Ukrayna məsələsində inkişafın, müsbət nəticələrin əldə olunmamasından da təəssüf hissi keçirdiyini bildirib və Rusiyanın müdaxiləsi ətrafında qəti addımlara getmək təklifi ilə çıxış edib.
Ancaq prezident Putin Merkellə telefon danışığında onu inandırmağa çalışıb ki, "Krımın legitim (yeni təyin olunmuş rusiyapərəst dairələr) hökuməti tərəfindən (?-R.N.) qəbul olunan hər bir qərar yarımadada yaşayan əhalinin qanuni maraqlarını qorumağa hesablanıb.
Maraqlıdır, məgər Krımın yeni təyin olunmuş rusiyapərəst hökuməti məhz Putin tərəfindən müəyyənləşdirilməyibmi? Əlbəttə ki, bu belədir. Sadəcə, Rusiya prezidenti bu və ya digər şəkildə Merkellə telefon danışığında siyasi gedişləri ilə diplomatik ifadələr sayəsində necə deyərlər, yaxasını kənara çəkməyə çalışıb. Ancaq fakt budur ki, Krımda Rusiyanın hərbi qüvvələri dislokasiya olunaraq, növbəti planlarını reallaşdırmağa hazırlaşırlar. Lakin...
Birinci sanksiya təsir etmədi, ikinci sanksiya qüvvəyə minəcək, üçüncü sanksiya isə...
Lakin Qərb hələ də Gürcüstan müharibəsindən öncə və sonra olduğu kimi bəyanatlar səsləndirməklə işi bitmiş hesab etmirlər. Belə ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ölkənin ZDF telekanalına müsahibəsində deyib ki, əgər Rusiya danışıqlar çərçivəsində beynəlxalq formatlı danışıqlara razı olmasa, bu zaman ikinci və daha sərt mərhələyə keçiləcək. Bu mərhələdə isə Rusiya vətəndaşlarının Avropa İttifaqı (Aİ) ərazisinə keçmələrində baryerlər qoyulacaq. Eyni zamanda aktivlərin dondurulması da həmin mərhələdə nəzərdə tutulub.
Xatırladaq ki, Aİ Rusiyanın Ukrayna siyasətinə görə artıq birinci sanksiya paketini icra edir. Burada viza rejiminin sadələşdirilməsi razılığı dondurulub.
Beləliklə, birinci və ikinci sanksiyalar məlumdur. Üçüncü sanksiya isə öncəki iki sanksiyadan daha sərtdir. Üçüncü sanksiyada isə iqtisadi bağlantıların dayandırılması, eləcə də digər ciddi məsələlər planlaşdırılır.
Onu da qeyd edək ki, ABŞ da öz tərəfindən sanksiyaları reallaşdırmağa başlayıb. Prezident Obamanın, dövlət katibi Kerrinin bəyanatları da məhz bu sanksiyalara hesablanmış bəyanatlar idi.
Ancaq Rusiya bütün bunlara baxmayaraq, Ukrayna siyasətində geri addım atmayacağını istər bəyanatları, istərsə də açıq müdaxilələri ilə sərgiləyir.
Siyasət qatarının isə Qərb və Rusiya arasında var-gəl etməsi, nəticədə hansı tərəfdə dayanması hələ ki, müəyyənləşdirilməyib. Və yaxşı olardı ki, bu qatar nə Qərb, nə də Rusiya tərəfində dayansın. Çünki bu qatar hərəkət etdikcə, ortaya fəsadlar çıxır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB