Ukrayna Pridnestrovye ərzisində sərhəd mühafizəsini gücləndirib

Ukrayna Pridnestrovye ərzisində sərhəd mühafizəsini gücləndirib

Ukraynanın sərhəd xidməti Pridnestrovye ilə həmsərhəd ərazidə xüsusi əməliyyata başlayıb. SİA-nın Ukrayna xəbər mənbələrinə istinadən verdiyi məlumatına görə, ukraynalı sərhədçilər qonşu Pridnestrovyedən ölkə ərazisinə təxribatçıların sıza biləcəyini ehtimal edirlər.
"Ukrayna-Moldova dövlət sərhəddinin Pridnestrovye hissəsində daha bir xüsusi əməliyyata başlanılıb və bu əməliyyatlara Ukrayna DİN-nin, eləcə də BMT-də təmsil olunan bir neçə dövlətin bəyanatlarına əsasən start verilib" - deyə qeyd olunan xəbərdə o da bildirilir ki, BMT-də təmsil olunan bir neçə ölkə Rusiya hərbçilərinin Pridnestrovyedə aktivliklərini müşahidə ediblər: "Məqsəd Odessa vilayətində və ətraf bölgələrdə vəziyyətin destabilizasiyası üçün təxribatçıları Ukrayna ərazisinə göndərməkdən ibarətdir".
Əməliyyata sərhəd xidməti ilə yanaşı Ukraynanın xüsusi təyinatlıları da cəlb olunublar. Belə ki, ərazidə postlar artırılıb və mühafizə dəstələrinin sayı çoxaldılıb.
Qeyd edək ki, Moldovanın tərkibindən çıxan və "müstəqilliyini" elan edən qondarma Pridnestrovye Rusiyanın nəzarəti altındadır. Ukraynadakı mənbələr bununla bağlı bildiriblər ki, hazırda orada mövcud olan kazak silahlıları və operativ qruplar Odessa ərazisində təxribatlar törətməyə hazırlaşırlar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə