Soçidə XI Qış Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib

Soçidə XI Qış Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib

Martın 7-də Moskva saatı ilə 20:14-də Soçidəki "Fişt" Olimpiya stadionunda XI Qış Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi başlayıb.

"Buzu sındırarkən" adlandırılan açılış mərasiminİin tərtibatçısı "Oskar" mükafatının laureatı Aleksandr Petrov və meksiyalı Euxeniyo Kabalero olublar.

Mərasimdə Rusiyanın məşhur balet kollektivi "Todes"in çıxışından sonra Ümumrusiya uşaq xorunun ifasında Rusiyanın dövlət himni səsləndirilib və bayraq qaldırılıb.

Tədbirdə paralimpiyaçıların keçid paradı isə "Möcüzəli meşə" adlandırılıb. Meşəni xatırladan bu hissədə arena idmançıların ölkələrinin bayrağına məxsus rənglərə boyanıb. Keçid rusiyalı ifaçı Yuliya Smaylovanın "Birlikdə" mahnısı ilə yekunlaşıb.

Açılış mərasimində "Soçi-2014" Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko və Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti ser Filip Kreyven idmançıları salamlayıb, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə Paralimpiya Oyunlarını açıq elan edib.

Sonra "Fişt" Olimpiya stadionunda Beynəlxalq Paralimpiya Komitəsinin bayrağı qaldırılıb.

Paralimpiya məşəlini isə məşhur idmançılar Sergey Şilov və Alesiya Vladikina alovlandırıblar.

Soçi Paralimpiya Oyunlarında 45 ölkədən atletlər 5 idman növündə 72 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışa martın 16-da yekun vurulacaq.

XXII Qış Olimpiya Oyunlarının və XI Qış Paralimpiya Oyunlarının Soçidə keçirilməsi barədə qərar 2007-ci il iyulun 4-də Beynəlxalq Olimpiya Komitəsinin Qvatemalada keçirilən 119-cu sessiyasında qəbul olunub. Soçi səsvermənin son 2 mərhələsində Avstriyanın Zalsburq və Koreya Respublikasının Pxençxan şəhərlərini qabaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə