“Venesuela hakimiyyəti və müxalifət dialoq üçün şərait yaratmalıdır”

“Venesuela hakimiyyəti və müxalifət dialoq üçün şərait yaratmalıdır”

BMT-nin baş katibi Pan Gi Mun hesab edir ki, Venesuela hakimiyyətinin və müxalifətin ölkədə gərginliyin azaldılması və zorakılığın qarşısının alınması istiqamətində təcili səy göstərməsi vacibdir. Bu barədə baş katibin dəftərxanasının yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, beynəlxalq təşkilatın rəhbəri Venesuelada etiraz nümayişlərində zorakılıq göstərilməsi və insanların həlak olması ilə bağlı məlumatlardan kədərlənib.
Rəsmi məlumatda deyilir: "Baş katib ümid edir ki, bütün tərəflər təfriqənin qarşısının alınması üçün konkret addımlar atacaq və ölkədə asayişin bərpasının sürətləndirilməsi məqsədi daşıyan dialoqun başlanması üçün lazımı şərait yaradacaqlar".
Venesuelada hökumət əleyhinə nümayişlərlə başlanmış kütləvi iğtişaşlar fevralın 12-dən davam edir. Ölkənin baş prokuroru Luisa Orteqa fevralın 24-də bildirib ki, bu müddətdə həlak olanların sayı 13-ə çatıb, 149 nəfər xəsarət alıb.
Prezident Nikolas Maduronun dialoqa çağırışlarına, eləcə də müxalifət lideri Enrike Kaprilesin nümayişin dinc xarakterinin saxlanması ilə bağlı xahişlərinə baxmayaraq toqquşmalar davam edir.
Ötən həftə məlum olub ki, Venesuelada bir sıra dövlət qulluqçuları nümayişçilərin ölümündə iştirakda şübhəli bilinərək saxlanılıblar.
Prezident N.Maduro bununla əlaqədar olaraq deyib: "Onlar nümayişçilərə qarşı silah tətbiq etməkdə şübhəli bilinən adamlar kimi həbs olunublar".
Prezidentin sözlərinə görə, onlardan hər hansı birinin nümayişçilərə atəş açdığı aydınlaşdırılarsa, onlar bunun əvəzini həbsxanaya salınmaqla ödəyəcəklər.
N.Maduro bildirib: "Mən bu ölkədə nümayişçilərə atəş açanların heç birini müdafiə etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə