Ermənistanda işsizlik, yoxsulluq və cinayətkarlıq artıb

Ermənistanda işsizlik, yoxsulluq və cinayətkarlıq artıb

Andrey Saxarov adına Ermənistan insan hüquqlarının müdafiə mərkəzinin direktoru Levon Nersisyanın "Armenia to day" saytında yerləşdirilmiş "Artıq belə yaşamaq olmaz" başlıqlı yazısında bildirib ki, ölkənin hakim dairələri yalnız şəxsi maraqlarından çıxış edərək əhalinin ən xırda problemlərini də həll etmək fikrində deyillər.

Vətəndaşlar sadəcə olaraq hakimiyyətin yadından çıxıb. Hökumətin biganəliyi Ermənistanda işsizliyin, yoxsulluğun, cinayətkarlığın artmasına səbəb olub, miqrasiya fəlakət dərəcəsinə çatmış, nikahdan kənar doğulan uşaqların sayı artıb. Ümidini itirərək xaricə üz tutan adamlar ən ağır şərtlərlə çalışmaq məcburiyyətində qalırlar. Artıq bir sıra şəhər və qəsəbələr tamamilə boşalıb.

Vəzifələrlə yanaşı, parlamentdəki yerlər də pul ilə satılır. Bunun nəticəsidir ki, savadsız, heç bir iş bacarmayan, bəzən isə kriminal qruplaşmalarla çox yaxın işbirliyi əlaqəsində olan adamlar rəhbər vəzifələrə təyin olunurlar.

Ölkədə siyasi korrupsiya geniş şəkildə yayılıb. İş o yerə çatıb ki, əhali hakimiyyətin istənilən addımını qeyri-qanuni hesab edir. Cəzasızlıq mühitində fəaliyyət göstərən məmurlar demək olar ki, heç bir məsuliyyət daşımırlar. Yüksək səviyyəli məmurlar törətdikləri cinayət əməllərinə görə ən pis halda bir az aşağı vəzifəyə keçirilirlər.

Ermənistan iqtisadiyyatının tamamilə süquta uğradığını bildirən L.Nersisyan bildirib ki, 2013-cü ildə Azərbaycanın iqtisadiyyatına 28 milyard dollar sərmayə yatırılmış, strateji valyuta ehtiyatları isə 50 milyard dollara çatıb. Bunun qarşısında Ermənistan çox yoxsul və aciz görünür. Azərbaycanın inkişafı qarşısında erməni xalqının, eləcə də Ermənistan dövlətinin maddi və mənəvi cəhətdən aşağılandığını, mənəvi aşılanmağa məruz qaldığını bildirən hüquq müdafiəçisi hökuməti günahkar hesab edərək, artıq belə yaşamağın mümkünsüzlüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə