Ukrayna Təhlükəsizlik Xidməti bütün ölkədə antiterror əməliyyatının başlandığını elan edib
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Ukrayna Antiterror Mərkəzi ölkə ərazisində antiterror əməliyyatına başlayır. Bu barədə məlumat UTX-nin başçısı Aleksandr Yakimenkonun fevralın 19-da yayılmış bəyanatında yer alıb.
Bəyanatda deyilir: "Ukrayna Təhlükəsizlik Xidməti və Antiterror Mərkəzi fevralın 19-da Ukrayna ərazisində antiterror əməliyyatının keçirilməsinə başlanması barədə qərar qəbul etmişdir. Mən antiterror əməliyyatının keçirilməsinə dair qərar barədə artıq ölkə Prezidentinə məlumat vermişəm".
Onun sözlərinə görə, Ukraynada son günlərin hadisələri (18-19 fevral) "güclərin qarşıdurmasında artmaqda olan eskalasiyanı və ekstremist əhval-ruhiyyəli qruplaşmalar tərəfindən kütləvi şəkildə silah tətbiq olunduğunu göstərib".
Bəyanatda deyilir: "Ölkənin bir çox regionlarında yerli hakimiyyət orqanlarını, Daxili İşlər Nazirliyinin, Təhlükəsizlik Xidmətinin, prokurorluğun strukturlarını, hərbi hissələri, döyüş sursatı anbarlarını ələ keçirirlər. Vandallar məhkəmə binalarını yandırır, şəxsi mənzilləri məhv edir, dinc sakinləri öldürürlər".
Belə ki, təkcə son günlərdə 1500 vahiddən çox odlu silah və 100 min patron cinayətkarların əlinə keçib.
Bəyanata görə, Ukraynada ictimai təhlükə səviyyəsi terrorizmə qarşı bilavasitə mübarizə aparan bütün subyektlərin cəlb olunmasını tələb edir.
"Terrorizmə qarşı mübarizə haqqında" Ukrayna Qanununa görə, bu işə UTX, DİN, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, mərkəzi və yerli hakimiyyət orqanları cəlb olunub.
UTX-nin başçısı deyib: "Bu qərarı nəzərə alaraq, ölkədə təhlükəsizliyin gücləndirilməsi, ictimai asayişin və dövlət sərhədlərinin mühafizəsi üzrə tədbirlər görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB