UNASUR Venesuelada münaqişə edən tərəflər arasında zorakılığa son qoyulmasını tələb edir

UNASUR Venesuelada münaqişə edən tərəflər arasında zorakılığa son qoyulmasını tələb edir

Cənubi Amerika Xalqları İttifaqı (UNASUR) son vaxtlar Venesuelada baş verən hadisələrdən narahat olduğunu bildirib və hökuməti də, müxalifəti də "ölkədə sülhə, dialoqa və əmin-amanlığa nail olmağa" çağırıb. Bu, təşkilatın saytında yerləşdirilmiş bugünkü bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, təşkilat Venesuelada zorakılıq aktlarının bütün təzahürlərinin əleyhinədir. UNASUR-un iştirakçısı olan ölkələr də keçən həftə Karakasın küçələrində törədilmiş iğtişaşlar nəticəsində həlak olanların ailələrinə başsağlığı veriblər.

Bəyanatda deyilir: "Cənubi Amerika Xalqları İttifaqı regional inteqrasiyanın dayaqları kimi demokratik prinsiplərin və təsisatların qorunub saxlanmasına sadiq qaldığını təsdiq edir".

UNASUR dövlətləri belə bir ümumi rəyə gəliblər ki, "bütün ixtilaflar dinc, demokratik üsulla həll olunmalıdır".

Sənəddə deyilir: "Venesuelanın bütün siyasi və ictimai qüvvələrini yaranmış vəziyyətin konstitusiya hüququ çərçivəsində həlli barədə dialoqa çağırıram".

Keçən həftə Karakasda hökumət əleyhinə nümayiş olub. Nümayiş zamanı indiki hökumətin tərəfdarları və əleyhdarları arasında şiddətli toqquşmalar baş verib. İğtişaşlar nəticəsində üç nəfər həlak olub, onlarca adam yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə