Şist qazı Avropa İttifaqını xilas edə bilməz

Şist qazı Avropa İttifaqını xilas edə bilməz

Şist qazı Avropa İttifaqının (Aİ) enerji müstəqilliyini təmin edə bilməyəcək. Şist qazı 2030-cu ilədək Aİ-nin enerjiyə olan tələbatının 3-10 faizini ödəyə biləcək.

Fransanın araşdırma mərkəzi olan Sabit İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun (IDDRI) tədqiqatçıları belə qənaətə gəliblər. Frans Press Agentliyi onların məruzəsindən parçaları dərc edib.

Tədqiqatçıların fikrincə, son illər ABŞ-da müşahidə olunan şist qazı bumu "sırf lokal, iqtisadiyyatın ayrı-ayrı sektorları üçün spesifik xarakter daşıyır".

Sənəddə deyilir: "Əslində, söhbət cəmi bir neçə ştatdan, məsələn, Şimali Dakota və Qərbi Virciniyadan gedir. Bundan əlavə, şist qazı hasilatı hesabına enerji resurslarının qiymətlərinin azaldılması, əsasən, kimya sənayesi müəssisələri hesabına olub. Bu müəssisələrin ABŞ-ın ümumi daxili məhsulunda payı təqribən 1,2 faizdir".

Avropaya gəldikdə isə məruzədə şist qazı ehtiyatları həcminin qeyri-müəyyənliyi və hasilat texnologiyalarının ekoloji səviyyəsinin son dərəcə aşağı olması vurğulanır.

Tədqiqat müəlliflərinin fikrincə, bütün bunlar Avropa İttifaqının enerji daşıyıcılarının idxalından asılılığının azaldılması vasitəsi kimi şist qazına ümid bəsləməyə imkan vermir.

Aİ ölkələri indiki mərhələdə enerjiyə olan tələbatlarının yarısından çoxunu enerji resurslarının idxalı hesabına təmin edirlər. Bəzi Avropa ölkələrinin ardıcıl surətdə atom enerjisindən imtina etməsini, alternativ energetikanın 10 il əvvəl gözlənildiyindən daha ləng inkişaf etməsini nəzərə alsaq, Aİ-nin enerji asılılığı, çox güman, artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə