Suriyadakı müharibə Avropada "Otuzillik" müharibə ilə müqayisə edilib
Almaniyada çıxan "Frankfurter Allgemeine Zeitung" qəzetinin 12 fevral nömrəsində dərc olunmuş "Döyüş meydanı" sərlövhəli şərhdə Suriyada müharibə ilə Avropadakı Otuzillik müharibə arasında paralel aparılır.
Şərhdə deyilir: "Lahdar Brahimi (BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi) Suriya münaqişəsində iştirak edən tərəflər arasında vasitəçi rolu oynamağa çalışır. Lakin onlardan heç biri ciddi danışıqlara hazır deyildir. Rejimin hərbi üstünlüyü var, müxalifət isə Qərbin dəstəyinə söykənir. Deməli, münaqişə tezliklə həll olunmayacaq. Suriya Yaxın Şərqdə getdikcə daha çox döyüş meydanına çevrilir. XVII əsrdə Avropada bu rolu Almaniya oynayırdı. Onun ərazisində Katolik Liqası və Protestant Birliyi arasında müharibə tüğyan edirdi. O dövrdə həyatı dini etiqad məsələləri müəyyən edirdi, zorakılığa hazırlıq son dərəcə yüksək idi. Avropanın müxtəlif ölkələrindən olan muzdlular ölkədə hərəkət edərək ölüm toxumu səpirdilər. Strateji və dini maraqların toqquşması nəticəsində qan su yerinə axmışdı. Otuzillik müharibənin sonuna yaxın çoxlu sayda şəhər dağıdılmış, kəndlər boşalmışdı".
Qəzet yazır ki, Suriyada müharibə oxşar xarakter daşıyır. Onun detonatoru olan yerli münaqişələr artıq çoxdan ikinci plana keçmişdir: Prezident Bəşər Əsədin hökuməti və əvvəlcə dinc olan nümayişçilər son dərəcə ciddi qüvvələrin fəaliyyəti üçün sadəcə pərdədir. Qəzet yazır: "Qlobal maraqlar artıq əvvəlki kimi münaqişəni qızışdırmır: istər Birləşmiş Ştatlar, istərsə də Rusiya getdikcə daha çox ölkənin cəlb olunduğu bu müharibəyə son qoymaq istərdi".
Qəzet şərhin sonunda həyəcan təbili çalaraq yazır: "İslamın şiə məzhəbi qolu XII əsrdən başlayaraq ilk dəfə yenidən güclənməyə başlamışdır. XII əsrdə sünni məzhəbindən olan Səlahəddin Misirdə şiə fatimilər üzərində qələbə çalmışdı. Ərəb dünyası 8 əsr sünni qalmışdır: indi isə Tehranın "şiə ayparası" Bağdad, Dəməşq (burada ölkənin rəhbərliyi şiə təriqətindən olan ələvilərdəndir), həmçinin Livan (burada da "Hizbullah" eyni məzhəbə etiqad edir) üzərində ucalıb. ABŞ İran ilə razılaşma əldə etsə, Səudiyyə Ərəbistanının narahatlığı yalnız güclənəcək. Odur ki, Ər-Riyad Suriyada şiələrin ayparasını "sındırmaq" üçün əlindən gələni edir. Belə çıxır, ərəblər və farslar, sünnilər və şiələr arasında dini müharibə bundan sonra da Suriyanın döyüş meydanlarında aparılacaq. BMT bu münaqişəni həll etmək iqtidarında deyildir. XVII əsrdə Almaniyada olduğu kimi, Suriyada da uzunmüddətli müharibə gözlənilir.
Almaniyalı ekspertlərin çoxu "Frankfurter Allgemeine Zeitung" qəzetinin bu bədbin proqnozunu bölüşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB