Belarus XİN Azərbaycan ilə münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb
Belarus Xarici İşlər Nazirliyi MDB-nin yalnız "prezidentlər klubu" kimi qəbul edilməsi fikrinin dəyişdiyini qeyd edib. Bu barədə məlumat Belarus xarici siyasət idarəsi tərəfindən hazırlanmış, qurumun 2013-cü ildə xarici siyasətinin və fəaliyyətinin yekunlarına dair icmalında yer alıb.
İcmalda deyilir: "Belarusun Birlikdə sədrlik etdiyi dövrdə MDB-nin yalnız "prezidentlər klubu" kimi qəbul edilməsi fikrinin dəyişməsi, habelə regionda iqtisadi və sosial sabitliyin təmin edilməsinə kömək edən yeni inteqrasiya fəlsəfəsinin formalaşdırılması istiqamətində irəliyə doğru addım atılmışdır".
Daha sonra deyilir ki, 2013-cü ildə Belarus MDB ölkələri ilə fəal əməkdaşlığı ikitərəfli formatda da davam etdirib. İcmalda Belarus Prezidenti Aleksandr Lukaşenkonun uğurla həyata keçirdiyi rəsmi səfərlər arasında Azərbaycana səfəri qeyd edilir.
Belarus XİN Birliyin iştirakçısı olan ölkələr ilə qarşılıqlı ticarət-iqtisadi əlaqələrinin zənginləşməsinə və genişlənməsinə, o cümlədən Azərbaycan ilə ticarət-iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclasının keçirilməsinə də diqqət yetirib.
İcmalda vurğulanır ki, Belarus ixracı artırmaq məqsədi ilə Birlik ölkələri, xüsusilə Azərbaycan, Qazaxıstan və Ukrayna ilə istehsal kooperasiyasını dərinləşdirmək istiqamətində fəal iş aparır. Mətndə deyilir ki, bu ölkələrdə traktor, kombayn, yük avtomobilləri, kommunal texnika, optik avadanlıq, avtokran və liftlərin birgə yığılması mexanizmi işə salınıb.
Azərbaycan ilə birlikdə MAZ avtobuslarının və "Qomselmaş" kombaynlarının yığılmasına dair yeni layihələr hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB