Nuakşotun meri vəzifəsinə ilk dəfə qadın təyin edilib

Nuakşotun meri vəzifəsinə ilk dəfə qadın təyin edilib

Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşotun meri vəzifəsinə ilk dəfə qadın təyin edilib. Bu, yaxın vaxtlarda Mavritaniya hökumətində dövlət qulluğu və idarəetmənin modernləşdirilməsi məsələləri üzrə nazir olmuş 46 yaşlı Mati Mint Hamadidir.

Nuakşot şəhər bələdiyyəsinin yeni rəisi Mavritaniyanın və Fransanın tədris müəssisələrində iqtisadiyyat və idarəçilik sahəsində təhsil alıb. Bəzi müşahidəçilərin fikrincə, Hamadinin Mavritaniya prezidenti Məhəmməd üld Əbdüləzizin sədr olduğu hakim "Respublika uğrunda ittifaq" partiyasının işində fəal iştirakı onun mer vəzifəsinə təyin edilməsində mühüm rol oynayıb. 1957-ci ildə əsası qoyulmuş Mavritaniya paytaxtının əhalisi artıq 1 milyon nəfərə yaxındır.

Nuakşot şəhərinin adının mənası bərbər dilində "küləkli yer" deməkdir. Cəmi bir neçə onillik ərzində sürətlə inkişaf edərək kiçik bir yaşayış məntəqəsindən Mavritaniya miqyasında iri şəhərə çevrilmiş Nuakşotda sənaye müəssisələri, beynəlxalq aeroport və dəniz limanı fəaliyyət göstərir.

Ekspertlərin fikrincə, Hamadi mer vəzifəsində sosial xidmətlərin işinin keyfiyyətinin aşağı olması, yoxsulların yaşadığı məhəllələrin genişlənməsi, şəhər ərazisində səhralaşma təhlükəsi və bir sıra başqa kəskin məsələlərin həlli ilə ciddi məşğul olmalıdır. İçməli su qıtlığı uzun illərdir ki, Nuakşot üçün ciddi problem olaraq qalır. Şəhərə içməli suyu paytaxtdan 60 kilometr məsafədə yerləşən bulaqdan gətirməli olurlar.

Mavritaniyada qadınların böyük vəzifələrə irəli çəkilməsi ilk dəfə deyildir. 2009-cu ilin avqust ayında "Demokratiya və tərəqqi uğrunda ittifaq" partiyasının lideri Naxa Mint Hamdi üld Muknassın Mavritaniya hökumətində xarici işlər və əməkdaşlıq naziri vəzifəsinə təyin edilməsi əsl sensasiya olub.

Bütün xəbərlər Facebook səhifəmizdə