Misirdə Afrikada ilk ekoloji kurort yaradılacaq

Misirdə Afrikada ilk ekoloji kurort yaradılacaq

Misir hakimiyyəti populyar El-Günə kurortunu ekoloji şəhər etmək qərarına gəlib. İşlər uğurlu alınarsa, bu kurort Afrika regionunda həmin statusu qazanan ilk yaşayış məntəqəsi olacaq.
Misir KİV-lərinin məlumatına görə, yanvarın sonunda Misirin və İtaliyanın ətraf mühitin mühafizəsinə cavabdeh olan nazirlikləri arasında müqavilələr imzalanıb. Müqavilələr El-Günənin dəm qazı tullantıları olmayan şəhərə çevrilməsi üzrə kompleks planın hazırlanmasını nəzərdə tutur. Misirin ətraf mühit məsələləri üzrə naziri xanım L.İskəndər bildirib ki, bu müqaviləni imzalamaqla Misir ətraf mühitin mühafizəsi və ekoloji turizm sahəsində sıçrayışa nail olmağa çalışır. Nazir deyib: "Bundan əlavə, müqavilə Misirin imicini yaxşılaşdıracaq və şəhərimizin dəm qazı tullantıları olmayan yaşayış məntəqələri siyahısına daxil olmasına imkan verəcək".
Bildirilir ki, El-Günə Afrikada bu statusu alan ilk şəhər olan kimi Misirin digər kurortlarında oxşar layihələrin reallaşdırılması üzərində işə başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə