Ümumi yaşı 370 il olan diplomatlar danışdılar GƏLƏCƏK 50 İL HAQQINDA DÜŞÜNCƏLƏR

Ümumi yaşı 370 il olan diplomatlar danışdılar GƏLƏCƏK 50 İL HAQQINDA DÜŞÜNCƏLƏR

Təhlükəsizliyə dair 50-ci Münxen konfransının ikinci iş günü bir neçə maraqlı panel iclası keçirilib. Onlardan birini xüsusi səbirsizliklə gözləyirdilər. Məsələ bundadır ki, bu dəfə kürsüyə XX əsrin siyasi əfsanələri, adlarının əlavə təqdimata ehtiyacı olmadığı insanlar - dünya siyasətinin korifeyləri Henri Kissincer, Helmut Şmidt, Valeri Jizkar dˊ Esten və Eqon Bar qalxmışdılar. Panel iclasının beşinci iştirakçısı – Böyük Britaniyanın sabiq xarici işlər naziri Devid Milibend (yeri gəlmişkən, Böyük Britaniya tarixində ən gənc XİN başçısı) bildirib ki, onların ümumi yaşı təqribən 370 ildir!

Panelin moderatoru, Almaniyada çıxan "Die Zeit" nəşrinin baş redaktoru Yozef Yoffe xatırladıb ki, panel iştirakçılarının ikisi – Henri Kissincer və Helmut Şmidt yarım əsr bundan əvvəl keçirilmiş birinci konfransın iştirakçılarıdırlar. Budur, onlar yenə də yubiley konfransındadırlar. Ona görə də iclası "Təhlükəsizliyə dair Münxen Konfransının 50 illiyi: beynəlxalq təhlükəsizliyin keçmişi, indisi və gələcəyi" adlandırmaq qərara alınıb.

Panelin moderatoru deyib: "Onların birinci konfransda iştirak etdikləri vaxtdan etibarən necə bir başgicəlləndirici karyera qurduqlarından hətta danışmağa dəyməz. Bugünkü konfransın gənc iştirakçılarını da ola bilsin, eyni gələcək gözləyir".

Henri Kissincerin beş il əvvəl 90 yaşı tamam olan gün dostu, 95 yaşlı Şmidtin ünvanına söylədiyi sözləri xatırladaraq salonda xoş ovqat yaradan moderator deyib: "Helmut, sənin bu qədər yaşayacağını bilsəydim, hələ 60 il əvvəl gündə üç qutu siqaret çəkməyə başlayardım".

Y.Yoffe onu da xatırladıb ki, Helmut Şmidt və onun yanında əyləşən Valeri Jiskar dˊEsten Avropa Valyuta İttifaqı ideyasının müəllifləri olublar. Bu ideya ümumi Avropa valyutasının yaranması ilə nəticələnib. Eqon Bar isə uğurla - bircə atəş açılmadan Almaniyanın birləşməsi və SSRİ-nin dağılması ilə başa çatan "Şərq siyasəti" doktrinasının müəllifi olub.

Dörd siyasi ağsaqqaldan başqa yeni nəsil diplomatların nümayəndələri – yuxarıda adı çəkilən, Böyük Britaniyanın tarixində ən gənc XİN başçısı olmuş Devid Milibend və Polşanın xarici işlər naziri Radoslav Sikorski də panelə dəvət ediliblər.

Moderator ilk sözü, yeri gəlmişkən, bərk siqaret çəkən olan, əlil arabasında oturub siqareti siqaretə calayan Helmut Şmidtə (bəlkə də yalnız belə korifeylər üçün istisna edilə bilər) verərkən, ona dostcasına müraciət edib deyib: "Helmut, siz bütün həyatınız boyu kansler vəzifəsində işlədiyiniz illərin sayından çox kitab yazmısınız. Ancaq ikimiz də bilirik ki, siz heç vaxt həqiqi jurnalist ola bilməzdiniz. Çünki öz dediyiniz kimi jurnalistlərdən fərqli olaraq səliqəli və vicdanla işləyirsiniz və bu vərdişdən imtina etmək istəmirsiniz. Biz ötən 50 ildə təhlükəsizlik sahəsində nəyi öyrənmişik? Daha müdrik olmuşuqmu? 50 il geriyə qayıtmaq və bu salonda siqaret çəkməyə icazə vermək olarmı?"

AFR-in sabiq kansleri bu suala cavab verərkən başqa xarakterli tərəqqiyə toxunub. O deyib ki, 1900-cü ildə dünya əhalisi təqribən 1, 6 milyard təşkil edirdi, bu gün artıq 7 milyard nəfərdən çoxdur, 2050-ci ilə qədər isə artaraq 9 milyard nəfərə çatacaq. Müharibələrə baxmayaraq, XX əsrdə bəşəriyyət sayca üçqat artıb. Əvvəllər belə şey heç vaxt olmayıb. İlk baxışda bunun təhlükəsizliklə ümumi heç nəyi yoxdur, lakin meqapolisləri götürsək, müşahidə etmək olar ki, onlar əvvəllər kəndlərdə yaşayanların hesabına böyüyeb.

H.Şmidt deyib: "İndi onlar çoxmərtəbəli evlərdə bir-birinin üstündə yaşayırlar. Dünyanın bütün şəhər sakinlərinin üçdə bir hissəsinin mobil telefonları var. Onlar bir-biri ilə sərbəst danışır və onları yoldan çıxaran müxtəlif vasitələr yarana bilər. Bu meylin öyrənilməsini davam etdirsək, həmin proseslər hansısa məqamda təhlükəsizliyə də təsir göstərə bilər. Sualınıza cavab verərkən vurğulamaq lazımdır ki, polis qarşısında, habelə nizami ordu qarşısında qoyulan vəzifə və məqsədlərə hədd qoymaq lazımdır. Bu hədd bu gün mövcud olan meqapolislərin çoxunda və 2050-ci il üçün meydana gələcək şəhərlərdə hələlik nəzərə çarpmır. 2050-ci ildə yaşayacaq həmin 9 milyard əhali şəhərlərdə müxtəlif mərtəbələrdə bir-birinin üstündə məskunlaşacaq".

Henri Kissincer çıxışında deyib ki, zəmanəmizdə açıq cəbhələrdə üz-üzə gəlmək üçün böyük ordular toplamağa ehtiyac olmasa da, dağıntıların dərəcəsi hazırda əvvəlkinə nisbətən xeyli dərəcədə daha yüksək ola bilər. ABŞ və Çin kimi iri ölkələrin münasibətlərində hər iki tərəf son dərəcə ehtiyatlı olmalıdır. Xüsusən, məsələ hər hansı periferiya problemi ilə bağlıdırsa, onların heç biri eskalasiya yolu ilə getməməlidir. Miqyasına görə əhəmiyyətli olmayan bir problemin alovlanaraq söndürməyin mümkün olmayacağı bir həddə gəlib çatmasına yol vermək olmaz. Avropada Birinci dünya müharibəsi eskalasiyadan başlandı və sonra nəzarətdən çıxdı. Eləcə də bu gün Yaponiya və Çin vəziyyəti zor tətbiq olunmasına gətirib çatdırmamalıdırlar. Biz zor tətbiqinin qəti əleyhinəyik.

Valeri Jiskar dˊEsten deyib ki, 1953-cü ildə birinci konfrans keçiriləndə Avropa artıq iki dünya müharibəsi ilə üzləşmişdi, o vaxtdan etibarən heç bir müharibə olmayıb. Deməli, konfrans o vaxtlar yalnız arzu oluna bilən bir məqsədə nail olub: "Biz müharibə konsepsiyasını məhv etdik: məhz o "müharibə konsepsiyasını" ki, o, orta əsrlərdə yaranmışdı və ərazilərin müdafiə olunması naminə ərazilərin zəbt olunmasına yönəlmişdi. İndi isə növbəti 50 ildə nə edəcəyimiz barədə düşünməliyik. Bəs, müharibələr yoxa çıxsa, lakin zorakılıq artsa, necə olacaq? Axı, vətəndaş müharibələri, terrorizm, zorakılıqla müşayiət olunan çoxlu təhdidlər var. Fransa Liviyaya müdaxilə etməyə məcbur olub, çünki hökumət öz xalqını məhv edirdi, ölkə isə yaxınlıqda – Aralıq dənizinin o biri tayında yerləşir. Lakin deməliyəm ki, zorakılığa qarşı mübarizənin mənəviyyatsız yollarla aparılması məni şoka salıb. Qorxu sivilizasiyaya deyil, desivilizasiyaya aparır. Bu gün dövlət sərhədlərini keçmədən məsafədən öldürmək imkanı var".

Eqon Bar öz növbəsində xatırladıb ki, 50 il əvvəl AFR-i orta mənzilli raketlərin Avropada yerləşdirilməsi qıcıqlandırırdı. Axı, nə SSRİ, nə də ABŞ həmin raketlərdən "dəmir pərdənin" hər iki tərəfindəki almanlar qədər ziyan çəkməyəcəkdilər. Lakin qitələrarası ballistik raketlər yarananda, hər iki fövqəldövlət birdən-birə "təhlükəsizlik dilemmasını" xatırladı. Həmin dilemmaya görə, birinci atəş açsan da, ikinci həlak olacaqsan. Onsuz da ölümdən qaça bilməyəcəksən. Həmin dilemma məhv olmaq istəməyən bu iki fövqəldövləti əməkdaşlığa vadar etdi. Əlbəttə, soyuq müharibə başa çatanda, ata C.Buş ilə M.Qorbaçov orta mənzilli raketləri Avropadan yığışdırmaq qərarına gələndə, biz almanlar sevindik. Lakin nə həmin raketlər yerləşdiriləndə, nə də sonradan yığışdırılanda biz avropalıların fikrini soruşan olmamışdı. Bu raketləri də bizə görə deyil, özlərinə görə yığışdırdılar! O vaxtdan etibarən heç nə dəyişməyib: Rusiya və ABŞ iki qütb olaraq qalıb və çox güman, belə də qalacaqlar. Bu gün hər iki qütb bunu yenidən xatırlasa, raket hücumundan müdafiə və erkən aşkarlama qurğularını Polşa və Türkiyədən yığışdırmaq barədə razılığa gəlsə, hamı yalnız sevinər. Odur ki, xahiş edirəm, NATO-nun üzvlərini unutmayın".

Bu sözlərə aydınlıq gətirmək istəyən Henri Kissincer deyib: "Mən lap əvvəldən, Kennedi administrasiyası dövründən Berlinlə bağlı olan siyasətdə iştirak etmişəm. Odur ki, işlədiyim hər bir administrasiya üçün mütləq fakt olan bir məsələni vurğulamaq istəyirəm: Berlinə hücum olunacağı təqdirdə, ABŞ birmənalı şəkildə müharibəyə qoşulacaqdı. Bu barədə heç söhbət ola bilməzdi. Orta mənzilli raketlərə gəldikdə isə "Bizdənsə, Almaniya məhv olsun" formulu heç vaxt bizim strateji düşüncəmiz olmayıb. Strateji düşüncəmiz Kremlin Almaniyaya hücum edəcəyi təqdirdə ABŞ-ın nüvə müharibəsinə başlayacağına Elbada ordu, Şərqi Avropada orta mənzilli raketlər saxlayan SSRİ-ni inandırmaq yollarının axtarılması olub. Odur ki, orta mənzilli raketləri Avropada yerləşdirərkən biz ümid bəsləyirdik ki, SSRİ bizim raketlərə zərbə vurmadan Avropaya hücum edə bilməz, bizim raketlərə zərbə endirmək isə ABŞ ilə nüvə müharibəsi demək idi. SSRİ Polşadan çıxdıqdan sonra prezident C.Buş düşündü ki, Avropada raket silahlarının qadağan edilməsi barədə Qorbaçovla razılığa gəlmək mümkündür. Lakin bizim heç vaxt Almaniyanın hesabına qurtulmaq kimi fikirlərimiz olmayıb. Mən bunu həmin siyasətdə iştirak etmiş bir adam kimi deyirəm".

Eqon Bar buna cavab olaraq deyib ki, Amerika siyasətçisi Perri (Eqon Bar söhbətin hansı Perridən getdiyini dəqiqləşdirməyib, lakin ola bilsin, Rik Perrini nəzərdə tutub – redaktorun qeydi) bir dəfə deyib ki, "amerikalılar ruslarla müharibə etmək istəməzdilər, lakin müharibədən can qurtarmaq mümkün deyilsə, qoy bu müharibə Avropa ilə, yəni o vaxtlar iki alman dövləti arasında məhdudlaşsın".

Fransanın sabiq prezidenti "Növbəti 50 ildə NATO qalacaqmı?" sualına cavabında deyib: "50 il əvvəl NATO-nun məqsədi Avropanı SSRİ-dən müdafiə etmək idi. Lakin bu gün həmin məsələ bir o qədər də aktual deyildir. Rusiya Federasiyası qarşıdan gələn 30 ildə ciddi problemlərlə üzləşəcək. Rusiya Federasiyası hansı tərəfə - Avropaya və ya Asiyaya tərəf istiqamət götürəcəyini özü üçün müəyyənləşdirməli olacaq. Lakin Avropa və Rusiya arasında hərbi toqquşma olmayacaq. NATO başqa rol oynayacaq".

Helmut Şmidt isə qarşıya qoyulan suala yumorla cavab verib: "Sözün düzü, yaşımı nəzərə alsam, mənim üçün fərqi yoxdur, bu, məni maraqlandırmır (salonda gülüş). Artıq çıxışımda qeyd etdiyim kimi, əhalinin artmasını nəzərə alsaq, məni daha çox NATO-nu deyil, dünyanı nələr gözlədiyi maraqlandırır. Əfsuslar olsun ki, Avropa heç bir töhfə verməyib. 1950-ci illərdən başlayaraq Avropa yerində sayır. Avropa əhalisinin sayı artmasa da, avropalıların orta yaş həddi yüksəlib. 2050-ci ildə dünyada cəmi 7 faiz avropalı olacaq, halbuki 1950-ci ildə onların payı 20 faizdən çox idi. Avropa son 20-30 ildə getdiyi yola davam etsə, ola bilsin, 50 ildən sonra NATO qalacaq, amma Aİ olmayacaq. Bunu xəbərdarlıq kimi qəbul edin. Avropa bir qədər özündən müştəbehdir və son 50 ildə nail olduqları baxımından öz əhəmiyyətini şişirdir. Lakin bu, həmin rolun bundan sonra da saxlanılacağına zəmanət vermir".

Salondan səslənən suala cavab verən Henri Kissincer deyib: "Müharibəyə getməzdən əvvəl düşünmək gərəkdir ki, o, nəyə lazımdır, məqsəd nədir. Bu məqsədlər real olmalıdır. Amerikanın faciəsi bundadır ki, biz böyük bir ictimai dəstəklə və bunun təkcə amerikalılara deyil, bütün bəşəriyyətə lazımlı olduğuna inanmaqla, üç müharibəyə başladıq. Lakin biz işi sona çatdıra bilmədik, çünki cəmiyyətin dəstəkləyəcəyi müddət ərzində real şəkildə əldə oluna biləcək siyasi məqsədləri özümüz üçün müəyyənləşdirmədik. Məqsədimiz olmadan və ona nail olmağın reallığını başa düşmədən bir göz qırpımında yoldan çıxıb özümüz-özümüzü aldada bilmərik. Yalnız məqsədlə müharibəyə başlayıb, məqsədə çatmadan ondan çıxmaq olmaz. Siyasi məqsədləri müəyyənləşdirə bilmirsənsə, müharibəyə başlamaq olmaz. Biz İraqa çoxmillətli və çoxkonfessiyalı cəmiyyətdə qısa müddətdə demokratiya qurmaq üçün girdik. Lakin bu, Amerika cəmiyyətinin dəstəkləyəcəyi müddətdə qeyri-mümkün idi. Eyni sözləri Əfqanıstan barədə də demək olar. Odur ki, biz xüsusən Suriyaya münasibətdə keçmişdən ibrət dərsi götürməliyik. Gələcəkdə biz hərbi fazadan sonrakı imkanlarımızı real qiymətləndirməliyik".

Eqon Bar çıxışına bu sözləri əlavə edib: "ABŞ-ın dövlət katibi Con Kerrinin gözəl çıxışından sonra bu konfransı rahatlıq hissi ilə tərk edirəm, çünki əminəm ki, Prezident B.Obama vəziyyəti aydın görür".

Fransanın sabiq prezidenti yaxın keçmişin müharibələrində Qərbin iştirakı mövzusunu inkişaf etdirərək deyib: "İraqda iki və Əfqanıstanda bir müharibə müqayisə oluna bilməz. İraqa qarşı birinci müharibə Səddam Hüseynin Küveytə hücumuna cavab idi. O, haqlı müharibə idi və uğurla başa çatdı. İraqda ikinci müharibə anlaşılmazdır, çünki Qərbin nə istədiyini heç kəs başa düşmürdü. Biz deyirdik ki, guya İraq xalqı üçün demokratiya istəyirik. Əfqanıstana gəldikdə isə vəziyyət daha anlaşılmazdır. Əfqan cəmiyyətinin sosial strukturu çox mürəkkəbdir. Orada tayfa əlaqələri var. Bizim həmin ölkə ilə bağlı aydın proqramımız yox idi. Ona görə də son iki missiya uğursuz oldu".

Moderator bu sözlərə cavab olaraq bildirib ki, İraq və Əfqanıstan təcrübəsi göstərir ki, bəzən şəksiz hərbi üstünlük məqsədə çatmaq üçün kifayət deyildir. Totalitar rejimləri zorla devirmək mümkündür, lakin onun köməyi ilə daxildə sülh və demokratiya yaratmaq mümkün deyildir.

Helmut Şmidt əlavə edib ki, hərbi gücdən başqa inanılmaz gücü olan, Nyu-York və London şəhərlərində və qismən Honkonq və Frankfurtda oturan 20 min maliyyə meneceri olan başqa bir "ordu" da var. O deyib: "Bir korporasiyanın çökməsi çoxlu sayda insanın yoxsullaşmasına və məhrumiyyətinə gətirib çıxara bilər. Biz bir qədər təvazökar olsaydıq, burnumuzu başqalarının işinə soxmaq və ya Sudan, Liviya, Suriya, Əfqanıstan və sair ölkələrdə humanitar əməliyyatlardan danışmaq əvəzinə diqqətimizi öz problemlərimiz üzərində cəmləşdirə bilsəydik, bəlkə də daha çox uğur qazana bilərdik".

Salondan səslənən suala cavab verən Devid Milibend deyib: "Böyük Britaniya hesab edir ki, Rusiya çökür, Rusiya isə eyni sözləri bizim barəmizdə deyir. Problem bundadır ki, biz hər ikimiz haqlı ola bilərik".

Eqon Bar buna cavab olaraq deyib ki, məsələnin bu cür şərh olunması bəlkə də doğrudur, lakin başqa bir həqiqət də var: Avropada Rusiyanın iştirakı olmayan və ya Rusiyaya qarşı yönələn heç bir sabitlik ola bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə