İsrail, Mavi Mərmərə qurbanlarına 20 milyon dollar təzminat ödəməyi təklif edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İsrail ilə Türkiyə arasındakı Mavi Mərmərə görüşləri ilə bağlı yeni iddialar gündəmə gəlib. Belə ki, İsrailin "Haaretz" qəzeti Mavi Mərmərə hadisələrində həyatını itirmiş 9 türk vətəndaşı və yaralananların ailələrinə 20 milyon dollar verəcəyini yazıb.
Xəbərdə həmçinin görüşlərdə müsbət irəliləyişin olduğu, fəqət razılaşmanın əldə edilmədiyi də bildirilir. "Haaretz" ötən ay İstanbulda keçirilən toplantıda Türkiyənin 30 milyon dollar istədiyini, İsrailin isə 15 milyon dollardan artıq vermək istəmədiyini bildirib.
İsrail heyəti ölkələrinə qayıtdıqdan sonra baş nazir Benyamin Netanyahu ilə görüşüb. Görüş zamanı Baş nazirin bu miqdarı 20 milyon dollara qədər artırdığı bildirilir. Digər tərəfdən İsrailin də Türkiyədən bir tələbi var. Belə ki, bu ölkə Mavi Mərmərə hadisələrində yer alan hərbiçilərlə əlaqədar davam edən istintaqların dayandırlmasını və gələcəkdə belə hadisələrin baş verməməsi üçün yeni qanun layihəsinin çıxarılmasını istəyir.
Sonda qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu ötən il Mavi Mərmərə hücumlarına görə türk xalqından üzr istəyərək, əlaqələrin bərpa edilməsi üçün görüşlər keçirməyi təklif etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB