Yaponiya və KXDR 2012-ci ildən bəri ilk dəfə münasibətləri normallaşdırmaq üçün məsləhətləşmələr aparıblar
Yaponiya KİV-lərinin yaydıqları məlumata əsasən, Yaponiya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəsmi nümayəndələri iki ölkə arasında münasibətlərin normallaşması üçün gizli məsləhətləşmələr aparıblar.
Yanvarın 25-26-da Hanoyda baş tutmuş danışıqlar son bir ildən artıq müddətdə iki ölkə arasında yaranmış gərgin vəziyyəti normallaşdırmağa göstərilən ilk cəhd kimi qiymətləndirilir.
Məsləhətləşmələrdə yapon tərəfindən Xarici İşlər Nazirliyinin departament direktorunun və KXDR tərəfdən Yaponiya ilə münasibətlərin normallaşması məsələləri ilə məşğul olan xüsusi səfir Son İr Honun iştirak etdiyi bildirilir. Görüşün məzmunu barədə məlumat verilmir. Lakin belə güman olunur ki, görüş zamanı iki ölkə arasında mövcud olan bütün anlaşılmazlıqlar, o cümlədən Tokio üçün mühüm əhəmiyyət kəsb edən ötən əsrdə KXDR-in xüsusi xidmət orqanları tərəfindən oğurlanmış yapon vətəndaşları barədə danışıqlar aparılıb.
Son dəfə belə məsləhətləşmələr 2012-ci ilin fevralında Ulan-Batorda keçirilmişdi. Tərəflər danışıqların davam etdirilməsi barədə razılığa gəlsələr də, KXDR-in səmaya uzaq məsafəli ballistik raket buraxması nəticəsində proses yarımçıq dayandırılmışdı.
Son vaxtlar rəsmi Pxenyan qonşuları ilə dialoqu inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirir. Tokio ilə əlaqələri bərpa etməklə yanaşı, Pxenyan rəsmi Seula da ikitərəfli münasibətlərdə gərginliyi azaltmağı təklif edib. Bundan əlavə, fevralda 1950-1953-cü illərdəki Koreya müharibəsi zamanı bir-birindən ayrı düşmüş ailə üzvlərinin görüşünün təşkili barədə razılıq əldə olunub.
Hazırda Pxenyan Tokio və Seulla diplomatik münasibətlərə və birbaşa nəqliyyat əlaqəsinə malik deyildir. Yaponiya və Koreya Respublikası KXDR-ə qarşı iqtisadi sanksiyaları dəstəkləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB