Qırğızıstan-Çin sərhədinin pozulması ilə bağlı mətbuat konfransı keçirilib

Qırğızıstan-Çin sərhədinin pozulması ilə bağlı mətbuat konfransı keçirilib

Yanvarın 23-də Qırğızıstan-Çin Xalq Respublikası sərhədində baş vermiş insidentlə bağlı Dövlət Sərhəd Xidmətinin sədri Raimberdi Duyşembiev Bişkekdə mətbuat konfransı keçirib.

Raimberdi Duyşembiev bildirib ki, yanvarın 22-də səhər saatlarında 11 şəxs Qırğızıstan-Çin sərhədini pozub. Sərhəddə olan İssık-Kul vilayəti ovçular cəmiyyətinin sədri Aleksandr Barıkin onlara müqavimət göstərərkən atışma olub, o iki sərhəd pozucusunu məhv edib, özü də həlak olub.

Onun sözlərinə görə, sərhədçilər hadisə yerinə gəlib, sərhəd pozucuları Qırğızıstan hərbiçilərinin təslim olmaq əmrinə tabe olmayıb, atışmada daha 9 adam məhv edilib, bir hərbiçi yaralanıb.

Deyilib ki, onların hərəsinin üstündə ABŞ dolları, yuan, 15 metr uzunluğunda çatı, bıçaq, bəzilərində isə silah olub. Qeyd edilib ki, onların üstündə heç bir sənəd yoxdur və öldürülənlər üz cizgilərinə görə uyğurlara bənzəyirlər.

Mətbuat konfransından sonra Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Raimberdi Duyşembievi qəbul edib, insident haqqında dövlət başçısına ətraflı məlumat verilib. Qırğızıstan dövlətinin başçısı Aleksandr Barıkinin ölümündən sonra mükafatlandırılması barədə tapşırıq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə