BMT Suriya üzrə İsveçrənin Montre şəhərində keçiriləcək beynəlxalq konfransa qatılmaq üçün rəsmi Tehrana göndərdiyi dəvəti geri götürüb. Bu haqda BMT Baş katibinin nümayəndəsi Martin Nesirki məlumat verib. O bu qərara İranın Suriya münaqişəsi ilə bağlı Cenevrə bəyannaməsində əksini tapan həll prinsiplərinin "ümumi müddəaları"nı qəbul etməməsinin səbəb olduğunu bildirib.
"Cenevrə-2" konfransında iştirak üçün İrana göndərilən dəvət rəsmi Tehranın Əsəd rejimini açıq şəkildə dəstəklədiyinə görə Suriya müxalifətinin və Vaşinqtonun tələbinə əsasən ləğv edilib.
Bir çox politoloqlar İran və Suriyanın strateji tərəfdaşlığını əsas gətirərək, Tehranın iştirakı olmadan regionda vətəndaş müharibəsinə son qoymağın çətin olacağı fikrindədirlər. Suriya böhranının bütün maraqlı tərəflərin iştirakı olmadan həll edilməsinin mümkünsüzlüyünü qeyd edən livanlı politoloq Pol Morkos bildirib ki, istəsək də, istəməsək də, İran regionda əsas oyunçulardan biridir və beynəlxalq ictimaiyyət bununla razılaşmalıdır.
Bu arada Suriya müxalifətinin nümayəndələri hər hansı əlavə şərt irəli sürmədən "Cenevrə-2" konfransındakı sülh danışıqlarında iştirak etmək niyyətində olduqlarını bildiriblər. Konfransın yanvarın 22-də başlayacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB