Kann kinofestivalının yeni prezidenti təyin edilib

Kann kinofestivalının yeni prezidenti təyin edilib

Fransanın "Canal+" telekanalının sabiq baş direktoru Pyer Leskür 2014-cü il iyulun 1-dən Kann kinofestivalının prezidenti vəzifəsini tutacaq.

Festivalın idarə heyətinin növbəti iclasında qərara alınıb ki, 2001-ci ildən Kann kinoforumuna başçılıq edən 83 yaşlı rejissor Jil Jakobu bu vəzifədə 68 yaşlı Pyer Leskür əvəz edəcək.

Jil Jakob Kann kinofestivalının prezidenti olandan əvvəl 1978-ci ildən 2001-ci ilədək həmin festivalın icraçı direktoru vəzifəsində işləyib.

Məhz Jakobun köməyi ilə bu kinoforumda əsas proqramdan sonra ikinci "Xüsusi baxış", habelə "Qızıl kamera" mükafatı yaranıb. Bu mükafat festivalın seksiyalarından birində ən yaxşı debütə görə təqdim edilir.

Bundan əlavə, Jil Jakob gənc müəlliflərin qısametrajlı işləri üçün "Sinefondasyon" proqramını təsis edib.

Pyer Leskür uzun müddət jurnalist kimi işləmişdir. O, Fransanın pullu telekanalını təsis edənlərdən biridir. Həmin telekanal Fransada televiziya efiri üzərində dövlət inhisarına son qoymuşdur. 1994-2002-ci illərdə Leskür telekanalın baş direktoru olub. Bu illər ərzində "Canal+" dünya kabel televiziyası bazarında ən iri iştirakçılardan birinə çevrilib.

Kann kinofestivalı ilk dəfə 1946-cı ildə keçirilib. Dünyada ən nüfuzlu forumlardan biri sayılan bu festival hər il may ayının axırlarında keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə