Misirdə referendum sakit şəraitdə, seçicilərin yüksək fəallığı ilə keçib

Misirdə referendum sakit şəraitdə, seçicilərin yüksək fəallığı ilə keçib

Misirdə ölkənin yeni konstitusiyasının layihəsinə dair səsvermə olub. Səsverməni pozmaq üçün göstərilən ayrı-ayrı cəhdlərə baxmayaraq, referendum sakit şəraitdə, seçicilərin yüksək fəallığı ilə keçib.

Seçicilərin qeyri-adi fəallığı ucbatından Misirin Ali Seçki Komissiyası arzu edənlərin hamısının səs verə bilməsi üçün əlavə beş seçki məntəqəsi açmağı qərara alıb. Ölkə sakinlərinin çoxu yeni Əsas Qanuna böyük ümid bəsləyir, hesab edir ki, bu konstitusiya onların həyatını yaxşılığa doğru dəyişəcək, ölkəyə siyasi sabitlik gətirəcək.

Misir KİV-ləri səsvermənin monitorinqini həyata keçirən hakimlərin məlumatına istinadla xəbər veriblər ki, Qahirənin bir rayonunda əllərində odlu silah olan şəxslər seçki məntəqəsinə soxulmağa cəhd göstərib, lakin ordu və polis məsələyə müdaxilə edəndən sonra iğtişaşların qarşısını almaq mümkün olub. Misirin daxili işlər naziri Məhəmməd İbrahim deyib: "Müsəlman qardaşları" təşkilatından olan terrorçular vətəndaşları qorxutmağa və səsvermə prosesini pozmağa nail ola bilməyəcəklər, hüquq mühafizə orqanları bütün bu cəhdlərin qarşısını dərhal alacaqlar".

Ölkənin yeni konstitusiyasının layihəsinə dair səsvermə yerli vaxtla saat 21.00-da başa çatıb. Gözlənildiyinə görə, ölkədə səsvermə məntəqələri bağlandıqdan sonra mətbuat konfransı keçirilib və referendumun ilkin yekunları elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə