Ermənistanın iqtisadi tənəzzülü əhalinin əksəriyyətini ölkədən çıxıb getməyə məcbur edib. Bununla əlaqədar, erməni ekspertləri artıq həyəcan təbili çalmağa başlayıblar. Onların həyəcanını Parisdə güclü erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalının 7 yanvar tarixli nömrəsində dərc edilmiş "Qürub edən Ermənistan: vətəndaşların ölkəni tərk etmələri onun gələcəyini qorxu altına alır" sərlövhəli məqalədə açıq-aydın hiss etmək mümkündür.
Məqalənin əvvəlində qeyd edilir ki, immiqrasiya məsələləri üzrə ekspertlər xaricdə daim yaşamaq və yaxud iş axtarmaq məqsədilə ölkəni tərk edənlərin sayının ildən-ilə artması nəticəsində Ermənistanda demoqrafiyanın kəskin həddə çatması barədə dövlət rəsmilərini xəbərdar etməyə məcbur olublar. Ermənistanın Dövlət Statistika İdarəsinə istinad edən ekspertlər iyun-sentyabr aylarında ölkəni tərk edən 108 mindən artıq erməninin bir daha geri qayıtmadığını diqqətə çatdırıblar.
Rəsmi məlumata istinad edən ekspert Ruben Yeqanyan etiraf edir ki, Ermənistanda immiqrasiya siyasəti getdikcə qorxulu vəziyyət alır. Son zamanlar immiqrasiyanın əxlaqi və psixoloji səbəblərini araşdıran ekspert ölkədəki mövcud sosial-iqtisadi çətinliyin insanların psixologiyasına təsir edən başlıca amil olduğunu bildirib, sistemli islahatlara ehtiyac duyulduğunu, siyasi, iqtisadi və sosial sahələrdə köklü dəyişikliklər edilməsinin vacibliyini vurğulayıb.
İmmiqrantların daimi yaşayış məqsədilə Rusiyaya və Avropa ölkələrinə getmələrindən, vətənlərinə dönməkdən boyun qaçırmalarından söhbət açan ekspert hesab edir ki, Avropaya gedənlərlə Rusiyaya üz tutanlar arasında fərqli cəhətlər var. Belə ki, turist kimi Avropaya gedənlər viza müddətləri qurtarmasına baxmayaraq, geri qayıtmamaq üçün müxtəlif vasitələrə əl atırlar.
R.Yeqiyan deyib ki, erməni immiqrantların 77 faizini kişilər təşkil edir. Onların əksəriyyəti 25-35 və 40-55 yaş arası insanlardır.
Məqalənin sonunda bildirilir ki, Ermənistanda iqtisadi vəziyyətin ağırlığı və işsizlik səbəbindən ölkəni tərk edən insanların çox cüzi hissəsi doğma vətənlərinə qayıtsalar da, bir qədər sonra onlar yenidən ölkəni tərk etməyə məcbur olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB