2022-ci ildə Qətərdə futbol üzrə dünya çempionatı qış vaxtı keçiriləcək

2022-ci ildə Qətərdə futbol üzrə dünya çempionatı qış vaxtı keçiriləcək

Beynəlxalq Futbol Federasiyasının (FİFA) baş katibi Jerom Valke deyib ki, 2022-ci ildə Qətərdə futbol üzrə dünya çempionatı qış vaxtı keçiriləcək.

Adətən dünya çempionatı yayda keçirilir. Ərəbistan yarımadasının şərqində yerləşən Qətərdə iyun-iyul aylarında orta temperatur Selsi cədvəli üzrə təqribən müsbət 38 dərəcə təşkil edir.

J.Valke deyib ki, dünya çempionatı iyun-iyul aylarında keçirilməyəcək: "Zənnimcə, o, noyabrın 15-i ilə yanvarın 15-i arası keçiriləcək. Əgər oyunlar noyabrın ortaları ilə dekabrın sonu arasındakı dövrdə keçirilsə, hava daha xoş olacaq, temperatur Avropada ilin isti vaxtına uyğun – orta hesabla 26 dərəcə isti olacaq. Beləliklə, futbol üçün ideal şərait olacaq".

Qətər 2010-cu ilin dekabrında mundialı keçirmək hüququ qazanıb.

FİFA-nın vitse-prezidenti Cim Boys isə deyib ki, təşkilatın baş katibi Jerom Valkenin 2022-ci ildə Qətərdə dünya çempionatının qış vaxtı keçiriləcəyini elan etməsindən şoka düşüb: "Mən bu vəziyyəti belə təsəvvür edirdim: "FİFA-nın İcraiyyə Komitəsi ətraflı hesabat alır, bütün məsul şəxsləri dinləyir və sonra İcraiyyə Komitəsi üzvlərinin dekabr iclasınadək heç bir diskussiya aparılmır".

Bütün xəbərlər Facebook səhifəmizdə