BMT Lavrov və Kerridən cavab gözləyir

BMT Lavrov və Kerridən cavab gözləyir

"BMT Lavrov və Kerri arasında Suriya probleminin həlli istiqamətində keçiriləcək konfransda İranın iştirakı ilə bağlı aparılacaq danışıqların nəticələrini gözləyir". SİA İTAR TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesiriki bəyan edib.

"Rusiya Federasiyası və Birləşmiş Ştatlar, daha dəqiqi, xarici işlər naziri Sergey Lavrov və dövlət katibi Con Kerri arasında aparılacaq danışıqların müsbət nəticə əldə edəcəyinə inanırıq"-deyə bildirən BMT rəsmisi onu da qeyd edib ki, hələlik danışıqların dəqiq tarixi təyin olunmayıb.

Xatırladaq ki, BMT-nin baş katibi Pan Gi Mun dekabrın 23-də rəsmi dəvətləri ayın sonlarınadək konfrans iştirakçılarına göndərəcəyini bildirmişdi. Lakin bu baş vermədi. Belə ki, Suriya müxalifəti göndərəcəyi heyəti təqdim etməyib və bununla İranın danışıqlardakı iştirakına qarşı çıxdığını nümayiş etdirib. Lakin BMT rəhbəri hesab edir ki, İranın iştirakı danışıqlara pozitiv təsir edə bilər.

Cümə günü isə İranın ali dini lideri ayətullah Əli Xamaneyi bəyan edib ki, İranın Suriya problemi ətrafında danışıqlarda iştirak etməməsi danışıqların nəticəsiz başa çatması ilə yekunlaşacaq. O, həmçinin, İranın danışıqlarda iştirak etməməsində Suriya müxalifətinə təzyiqin məhz ABŞ tərəfindən edildiyini bildirib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə