Bağdadda şiddətli döyüşlər gedir

Bağdadda şiddətli döyüşlər gedir

Əl-Qaidə yaraqlıları yanvarın 3-də İraqın paytaxtında polis məntəqəsini ələ keçirməyə cəhd göstəriblər.

Silahlılarla intensiv atışma hələ də davam edir. Polisin verdiyi məlumata görə, islam radikalları Bağdadın şimalında yerləşən Ət-Tarmiyə rayonundakı təhlükəsizlik qüvvələrinin qərargahına iki avtomobillə hücum ediblər. Polislər silahlıların binaya girməsinin qarşısını ala biliblər. Daxili İşlər Nazirliyinin köməyə gələn hissələri yaraqlıları mühasirəyə alıb.

Şahidlər atışma səslərinin hələ də eşidildiyini xəbər verirlər. Döyüşlərin getdiyi əraziyə yeni polis qüvvələrinin və təcili yardım maşınlarının gəldiyi bildirilir. Güc strukturlarının və mülki əhalinin mümkün itkiləri barədə hələlik heç bir informasiya verilmir.

Yeni ilin ilk günlərindən başlayaraq yaraqlıların İraqın paytaxtına hücumları, demək olar ki, ara vermir. Təkcə son iki gün ərzində Bağdadda törədilmiş bir neçə partlayış nəticəsində onlarla insan həlak olub və yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə