Cənubi Sudanda fövqəladə vəziyyət elan olunub

Cənubi Sudanda fövqəladə vəziyyət elan olunub

Cənubi Sudan prezidenti Salva Kiirölkənin iki ştatında – Conqley və Yunitidə fövqəladə vəziyyət elan edib. Hazırda həmin ştatlar Cənubi Sudanın keçmiş vitse–prezidenti, qiyamçıların lideri Riek Maşarın nəzarəti altındadır.

SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, qiyamçılar administrativ mərkəz sayılan və paytaxt Cubadan 200 km aralıda yerləşən Bor şəhərini tam nəzarətə götürüblər. Ötən ilin dekabr ayından başlayan qarşıdurmalar nəticəsində qiyamçılar ölkənin neft mərkəzi hesab olunan Yuniti ştatının Bentiu şəhərini də ələ keçiriblər.

Bu arada Qırmızı Xaç Təşkilatı bəyan edib ki, Conqley ştanıdan olan 70 minədək qaçqın ordusu qonşu Leks ştatına keçmək üçün Ağ Nilin sahilinə yığışıb. Təşkilat təmsilçisi Fransua Morellon bildirib ki, minlərlə insan sahildə qayıq gözləyir və onların həyatları təhlükə altında qalıb.

BMT-nin rəsmi açıqlamasında isə qeyd olunub ki, ötən il dekabrın 15-dən başlayan qarşıdurmalar nəticəsində 200 mindən artıq insan öz yurdlarını tərk etmək məcburiyyətində qalıblar.

Son məlumatlara görə isə Cənubi Sudana qonşu olan Efiopiyada qarşıduran tərəflər sülh danışıqlarına başlayacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə