İlin son cümə günü səsvermənin yekunlarına əsasən BMT Baş Assambleyası dünya təşkilatının 2014-2015-ci illər üçün büdcəsini 5,5 milyard dollar məbləğində təsdiqləyib. Bu, əvvəlki ikiillik dövr üçün nəzərdə tutulduğundan 1 faiz azdır.
Birləşmiş Millətlər Təşkilatının yaradıldığı 1945-ci ildən indiyədək ilk dəfə olaraq yeni büdcə iş yerlərinin 2 faiz azaldılmasını nəzərdə tutur. Beləliklə, 200-dən çox iş yeri ləğv ediləcək. Baş Assambleyanın maliyyə məsələlərinə baxan 5-ci komitəsinin iclasında ABŞ-ın BMT-dəki nümayəndəsi Cozef Torsela deyib ki, "zəruri olmayan, bir-birini təkrarlayan və köhnəlmiş vəzifələr ixtisar ediləcək".
Diplomat xatırladıb ki, son illər əmək haqqı artımı Birləşmiş Millətlər Təşkilatının saxlanması xərclərinin artmasının əsas amili olub.
BMT-nin üzvü olan ölkələr bir il müddətinə kompensasiya müavinətlərinin və qarşıdakı iki il müddətinə mükafatların ödənişini dayandırmaq barədə razılığa gəliblər. Yeni, daha sərt maliyyə planı maliyyə sarsıntıları şəraitində vəsaitə qənaət etməyə nail olmuş dünya dövlətlərinin təzyiqi altında qəbul olunub.
Eyni zamanda ən yoxsul ölkələr inkişaf proqramları üçün xərclərin artırılmasını təkidlə tələb ediblər. Büdcə barədə danışıqlar asan olmamışdır, amma sonda tərəflər kompromisə nail olublar.
Sülhün qorunub saxlanması əməliyyatları üçün xərclər təsdiq edilmiş büdcəyə daxil deyildir. Cari maliyyə ilinin sonu – iyulun 30-dək bu məqsədlər üçün 7,54 milyard dollar vəsait ayrılıb.
BMT-nin büdcəsi birlik üzvü olan dövlətlərin üzvlük haqları hesabına formalaşır. Hər bir dövlətin payı Baş Assambleya tərəfindən təsdiq olunmuş düsturla, əhalinin adambaşına düşən gəlirini və xarici borcu nəzərə almaqla onillik dövr üçün orta ümumi daxili məhsul göstəricisi əsasında hesablanır.
Hazırda ABŞ Birləşmiş Millətlər Təşkilatının ən böyük sponsoru olaraq qalır. O, təşkilatın xərclərinin 22 faizini ödəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB