İran paytaxtı köçürülə bilər

İran paytaxtı köçürülə bilər

İran İslam Şurası Məclisinin iclasında paytaxtın Tehrandan köçürülməsinə dair qanun layihəsinin hazırlanması ilə bağlı qərar qəbul etmək barədə müzakirələr aparılıb.

Hökumətin əleyhinə olduğu bu məsələ parlamentdə də ciddi müzakirə mövzusuna çevrilib. Deputatların təxminən üçdə biri belə bir qərar layihəsinin hazırlanması əleyhinə səs veriblər.

Paytaxtın köçürülməsinin əsas səbəbi kimi Tehranda havanın çirkli olması, əhalinin çoxluğu və digər məqamlar göstərilir. Əgər gələcəkdə parlament paytaxtın köçürülməsi ilə bağlı qərar və onun əsasında qanun qəbul edərsə, onda iki il müddətində yeni paytaxtın yeri, şəhərsalma xərclərinin mənbələri, köçürülmənin qrafiki və digər məsələlərin müzakirəsinə başlanılacaq.

Müvafiq məsələ uzun illərdir ki, İranda bu və ya digər formada tez-tez gündəmə gətirilir. Lakin paytaxtın köçürülməsi üçün böyük məbləğdə maliyyə vəsaitlərinin tələb olunması ilə bərabər, münasib iqlimli, mineral ehtiyatlı ərazinin seçilməsi də ciddi sual kimi mövcudluğunu saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə