Ebru Gündeş ilk dəfə Rza Zərrabla bağlı danışdı FOTO

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrabın həbs olunmasından sonra ilk dəfə məsələ ilə bağlı fikirlərini bildirib. Belə ki, Türkiyənin məşhur yarışması olan "O Ses Türkiyə"də münsif heyəti qismində iştirak edən Ebru Gündeş bu gün verilişin canlı yayımında yenidən öz kürsüsündə əyləşib. SİA-nın məlumatına görə, Star telekanalında canlı yayımlanan verilişdə fikirlərini bölüşən Ebru Gündeş bunları deyib:

"İlk növbədə qeyd edim ki, bu çox təəccüb və üzücü bir vəziyyətdir. Rza uşağımın atası və mənim həyat yoldaşımdır. Biz sevərək evləndik. Onunla evlənərkən bir söz verdik. Həm yaxşı, həm də pis günlərdə bir-birimiizn yanında olacağıq. Bəli, hazırda çox çətin sınaqdan keçirik. Bildiyim tək bir şey var. Hər gecənin bir sabahı var və inanıram ki, bu qaranlığın da bir sabahı var. Bir faktı da qeyd edim ki, illər öncə çox ağır xəstəlik keçirdim və 10 gün sonra televiziyada proqramlara çıxdım. Əməliyyatdan 3 ay sonra səhnəyə çıxdım. Hətta konsert proqramları da verirdim. Sənətimi çox sevirəm və mahnı oxumaqdan zövq alıram. Evlənməmişdən əvvəl də işimi görürdüm və evləndikdən sonra da işimi davam etdirdim. Bundan sonra da işimi davam etdirəcəyəm. İnşallah qara günlər tezliklə keçər. Baş verənlərə görə çox üzülürəm. İstədiyim tək şey qızımın üzülməməsidir. Dostlarıma yanımda olduqları üçün çox təşəkkür edirəm".

Sənətçi verilişin aparıcısı Acun Ilıcalıya müraciət edərək deyib ki, vücud olaraq burda olsam da, içim qan ağlayır.

Acun Ilıcalı isə Ebru Gündəşə təsəlli verib və deyib ki, hər kəs sənin yanındadır: "İllər əvvəl çox ağır xəstəlik keçirdin və sənin sağ qalman Allahın hədiyyəsi idi. Hər insanın həyatında bir çətin vaxtı olur. Bu da keçəcək".

Qeyd edək ki, həyat yoldaşı haqqında danışan müğənni göz yaşlarına hakim ola bilməyib. Ebru Gündeşin çıxışının sonunda tamaşaçılar Ebru deyə qışqıraraq ona dəstək olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə