"Hindistan ABŞ-ın bu davranışına dözməyəcək və hindistanlı qadın diplomatın Nyu-Yorkda həbs edilməsi ilə barışmayacaq". SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu bəyanatı Hindistanın parlament işləri üzrə naziri Kamal Natx Amerikada qadın diplomat Deviyani Xobroqadenin həbsinə etirazını bildirərkən verib.
Hindistanlı nazir qeyd edib ki, rəsmi Vaşinqton Dehli qarşısında üzr istəməlidir: "Biz bu davranışa qarşı dözməyəcəyik və bunu Hindistana qarşı təzyiq kimi qiymətləndiririk. ABŞ anlamalıdır ki, dünya dəyişildiyi kimi, Hindistanda zaman da dəyişilib".
"Xanım diplomat Xobroqadeyə qarşı atılan addım sabah digər ölkələrin diplomatlarına qarşı da atıla bilər" - deyə bildirən Kamal Natx qeyd edib ki, bu kimi olaylarda heç kim etinasız qalmamalıdır.
Baş verən insidentdən sonra ölkənin xarici işlər naziri Salman Xurşid ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon bağlantısı yaradacağını istisna etməyib.
Bundan öncə isə ABŞ Dövlət Departamenti bu kimi insidentin davamlı hal olmadığını bəyan edib və qeyd olunub ki, hadisə ABŞ və Hindistan arasındakı sıx əməkdaşlığa xələl gətirə bilməz.
Xatırladaq ki, Amerika polisi 39 yaşlı hindistanlı qadın diplomatı dekabrın 12-də həbs edib. O, viza qeydiyyatından keçərkən, özü ilə bərabər ABŞ-a apardığı xidmətçisi Sancita Riçard haqqında yalan məlumatlar verib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB