Sudanda BMT hərbi bazasına hücum olub

Sudanda BMT hərbi bazasına hücum olub

Bu saatlarda Cənubi Sudanda yerləşən BMT hərbi bazasına silahlı hücum baş verib. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, silahlıların hədəfi sülhməramlıların mühafizə etdikləri sadə vətəndaşlar olub. Bu barədə jurnalistlərə BMT Baş katibinin xüsusi nümayəndəsi Fərxan Hakk məlumat verib. Onun sözlərinə görə, insident Akobo yaşayış massivində yaşanıb.

"Güclü qarşıdurma baş verib və biz mövcud vəziyyəti tam olaraq dəyərləndirməliyik. Biz insanların öldüyünü istisna etmirik, lakin onların sayını da bilmirik" - deyə xüsusi nümayəndə vurğulayıb.

Xatırladaq ki, dekabrın 15-dən 16-na keçən gecədən başlayaraq, Cənubi Sudanda müxtəlif istiqamətlərdə toqquşmalar baş verib. Ölkə prezidenti Salva Kiir bu hadisələri reallaşmayan dövlət çevrilişi adlandırıb. Silahlı toqquşmalarda hazırkı prezidentə sadiq qüvvələrlə bu ilin iyulunda istefaya göndərilmiş vitse-prezident Reka Maşara Teninin tərəfdarları iştirak edirlər.

Cənubi Sudanın paytaxtı Cubada yerləşən BMT hərbi bazasında isə qarşıdurmalardan qaçan 20 minə yaxın sadə vətəndaş sığınıb.

Çərşənbə axşamı BMT-nin Baş katibi Pan Gi Mun prezident Salva Kiirlə telefon bağlantısı yaradıb və onu daha çox qan tökülməməsi üçün qarşı tərəflə danışıqlar aparmağa dəvət edib. Prezident ona qarşı çıxan qüvvələrlə danışıqlar aparmağı qəbul etsə də, bunun nə ilə nəticələnəcəyini bilmədiyini də deyib. Maraqlıdır ki, dövlət çevrilişində ittiham olunan keçmiş vitse-prezident Teni isə ona qarşı yönəlmiş ittihamları rədd edib və bildirib ki, paytaxt Cubada baş verənlərlə onun heç bir əlaqəsi yoxdur. "Sudan Tibun" qəzeti isə yazır ki, silahlı qarşıdurma ordular arasında yaşanan anlaşılmazlıqdır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə