Türkiyə hökuməti korrupsiya ilə bağlı həbsləri müzakirə edib

Türkiyə hökuməti korrupsiya ilə bağlı həbsləri müzakirə edib

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş iclasda ölkənin nüfuzlu nazirlərinin övladları, iş adamları və məmurların korrupsiya ittihamı ilə həbs olunmaları müzakirə edilıb.

İclasdan sonra Baş nazirin müavini Bülənd Arınç mətbuat konfransı keçirərək deyib ki, 51 nəfərin saxlanılması ilə bağlı prokurorluq istintaqı davam edir. Təhqiqatın tez bir zamanda başa çatdırılması üçün iş üzrə əlavə 2 prokuror təyin edilib. Dörd nazir, üç nazirin övladları və məmurların şübhəli şəxs kimi adlarının bu işdə keçməsi Türkiyə ictimaiyyətini dərindən sarsıdıb. İstintaq çərçivəsində səlahiyyətlərini aşmış 5 polis məmurunun vəzifə yeri dəyişdirilib, onların haqqında cinayət işi açılıb.

B.Arınç deyib ki, Türkiyə hökuməti hər zaman korrupsiyaya qarşı ciddi mübarizə aparmışdır. Bu günədək 55 cinayətkar dəstə aşkar edilib, üzvləri həbs olunub. Bu istintaq zamanı da kimliyindən asılı olmayaraq təqsirkarların cəzalandırılması təmin ediləcək. Hökumət məhkəmənin işinə müdaxilə etməyəcək.

Baş nazirin müavini xatırladıb ki, saxlanılan və əleyhinə iddialar irəli sürülən şəxslərin günahsızlıq prezumpsiyası var və onların məhkum kimi ittiham olunması doğru deyildir. Bütün ictimaiyyət istintaqın yekununu izləməli, məhkəmə orqanlarına təzyiq göstərilməməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə