Bundesrat (Almaniya federal əyalətlərinin nümayəndələri palatası) ultrasağçı Milli Demokratik Partiyanın (AMDP) fəaliyyətinin qadağan edilməsi barədə Federal Konstitusiya Məhkəməsinə (FKM) vəsatət hazırlayıb.
"Noye Osnabryukker Saytunq" qəzeti bu barədə həmin vəsatətə istinadən məlumat verib.
AFR-in federal əyalətləri öz iddiasında AMDP-nin fəaliyyətini qadağan etməyin zəruriliyini onunla əsaslandırıblar ki, bu partiyanın ideologiyası və proqramı "bir sıra bəndlər üzrə tarixi alman nasional-sosializm doktrinası ilə identikdir". AMDP insan ləyaqətinin qorunmasına yönəlmiş səylərə zidd olan "irqçi-bioloji konsepsiyaya" əsaslanır.
Vəsatətdə AMDP əcnəbilərə qarşı təcavüzkar əhval-ruhiyyəli, millətçi-sosialist ideyalarını təşviq edən partiya kimi təqdim olunur. Partiyanın üzvləri arasında əvvəllər mühakimə olunmuş funksionerlər çoxdur.
AMDP-nin məqsədi əcnəbiləri və miqrantları Almaniyadan zorla deportasiya etmək, habelə yaxın vaxtlarda AFR vətəndaşlığı almış ölkə sakinlərini bu vətəndaşlıqdan məhrum etməkdir. Bundan əlavə, bundesrat nümayəndələrinin fikrincə, sağçı-ekstremist partiya "demokratik prinsiplərə əsaslanan parlament idarəetmə sistemini qəbul etmir", "ölkənin bütün ərazisində mövcud hüquqi qaydanı ləğv etmək məqsədi güdür və artıq bütün təşkilatın səyləri ilə yerli səviyyədə bu qaydaya ziyan vurub".
Qəzet yazır ki, bundesrat bu həftə öz sorğusunu Karlsruedə Federal Konstitusiya Məhkəməsinə təqdim edəcək. AFR hökuməti, bundestaq və bundesrat AMDP-nin qadağan edilməsi üçün ilk dəfə 2001-ci ildə birlikdə cəhd göstərib. Lakin üç il davam etmiş araşdırmadan sonra 2003-cü ildə FKM bu işə xitam verib və öz qərarını onunla əsaslandırıb ki, AMDP-nin fəaliyyətinin qadağan edilməsi barədə iddia konstitusiyaya zidd maddələrə və partiya nümayəndələrinin bəyanatlarına əsaslanmışdır. Həmin nümayəndələr Konstitusiyanın Müdafiəsi İdarəsinin (AFR əks-kəşfiyyatının) məlumatçıları olublar.
Bu dəfə hökumət və bundestaq Federal Konstitusiya Məhkəməsinə öz iddialarını təqdim etməməyi qərara almışdılar. Onlar öz hərəkətlərini bununla əsaslandırırlar ki, bundesratdan müvafiq sorğu artıq daxil olduğu üçün formal baxımdan bu, sağçı-ekstremist partiya barəsində yeni prosedurun başlanması üçün kifayətdir. Eyni zamanda, Nazirlər Kabineti və Parlament əyalətlərin nümayəndələri palatasının səylərini dəstəklədiklərini bəyan ediblər.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Almaniyada təqribən 23 min ultrasağçı ekstremist var. Onlardan 6 min nəfəri AMDP-yə daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB