Silah əldə etmə və saxlama hüququ sərtləşdirilə bilər

Silah əldə etmə və saxlama hüququ sərtləşdirilə bilər

Avropa İttifaqı ölkələrində mülki əhalinin silah saxlama və əldə etmə qaydalarında sərtləşdirilmə aparılması təklif olunub. Avropa İttifaqının daxili işlər üzrə komissarı Sesilia Malmström təqdim etdiyi "Odlu silahlar və Avropa İttifaqının daxili təhlükəsizliyi" adlı hesabatla bağlı bildirmişdir ki, hər il Avropa ölkələrində azı min nəfər odlu silahla qətlə yetirilir və rəsmi qurumlar bu inkişafın qarşısını almaq üçün müvafiq addımlar atmalıdırlar.

S.Malmström həmçinin bildirib ki, Avropa İttifaqına üzv ölkələrdə odlu silahlarla bağlı fərqli qanunvericilik mövcud olduğuna görə, cinayətkarlar qanunların daha yumşaq olduğu ölkələrdə odlu silah almağa cəhd göstərirlər və bu sahədə vahid ümumavropa qanunvericiliyinin yaradılması gələcəkdə bu halların qarşısını ala bilər.

Komissiyanın hesablamasına görə, Avropa İttifaqı ərazisində mülki əhalinin sərəncamında 80 milyon odlu silah qanuni qaydada mövcuddur. Bununla yanaşı yarım milyon oğurlanmış və ya itirilmiş odlu silahın taleyi hələ də naməlum olaraq qalır.

Buna görə də Avropa Komissiyası antik silahların oxşarları və pnevmatik silahlar da daxil olmaqla silah istehsalını tənzimləmək, silah, patron və sursatın internet vasitəsilə satışını qadağan etmək barədə təkliflər hazırlayacaq. Təkliflər içərisində gələcəkdə istehsal olunan odlu silahlarda sahibin şəxsi məlumatlarının əks olunduğu biometrik sensorların yerləşdirilməsi və bununla da silahın yalnız onun qanuni sahibi tərəfindən istifadəsinin mümkünlüyü də nəzərdən keçiriləcək.

Avropa İttifaqı ərazisində ən çox odlu silah Finlandiya sakinlərindədir. Bu ölkədə hər 100 nəfər sakinə 43,3 odlu silah düşür. Sonrakı yerlərdə Kipr (36,4), İsveç (31,6), Fransa (31,2) və Almaniya (30,3) gəlir. Ən az odlu silah isə Litva və Rumıniya (hər birində 100 nəfərə 0,7 silah) sakinlərinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə