34 il sonra ilk görüş ABŞ və İran

34 il sonra ilk görüş ABŞ və İran

İranda keçirilən prezident seçkilərinin ardınca islahat tərəfdarlarının dəstəyi ilə hakimiyyətə gətirilən Həsən Ruhaninin Qərblə əlaqələri düzəltməyə başlaması tarixi hadisə ilə nəticələnib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 15 oktyabrda Cenevrədə təşkil olunacaq nüvə məsələləri ilə bağlı müzakirələrdən öncə Nyu Yorkda keçirilən "P5 +1" konfransında ABŞ-ın dövlət katibi Con Kerri İranlı həmkarı Cavad Zəriflə yanaşı əyləşib, konfransdan sonra isə tərəflər arasında qısamüddətli görüş keçirilib.

Elə həmin gün ABŞ prezidenti Barak Obama isə dövlət büdcəsinin müzakirəsi zamanı İran prezidenti Ruhani ilə telefon əlaqəsi yaratdığını deyib. O bildirib ki, söhbət zamanı İranın nüvə proqramı mövzusunda razılaşmaların əldə olunması barədə danışıqlar olub: "Nyu Yorkda söylədiklərimi Ruhaniyə də dedim. Nüvə proqramı məsələsində razılıq əldə etmək istəyərkən qarşımıza ciddi maneələrin çıxması təbiidir. Əldə edəcəyimiz müvəffəqiyyətin isə zəmanətli olmadığını nəzərə alsaq da, məsələnin həll yolunu tapacağımıza inanıram".

Qeyd edək ki, Obama ilə Ruhaninin arasında baş tutan telefon bağlantısı ABŞ və İran liderləri arasında 1979-cü ildən bu günə qədər birbaşa ilk ünsiyyət idi.

Bütün xəbərlər Facebook səhifəmizdə