BMT-nin Baş Assambleyasında İran lideri çıxış edən zaman İsrail nümayəndələri onu baykot etmək məqsədilə salonu tərk etsələr də, ABŞ nümayəndələri ilk dəfə bu etiraza qoşulmayıb. SİA-nın xəbərinə görə, prezidentliyi dövründə ilk dəfə olaraq BMT-də çıxış edən İran lideri Həsən Ruhani Suriya böhranının hərbi yolla həllinin olmadığını, İranın kimyəvi silahlardan istifadə olunmasına qarşı çıxdığını və Suriyanın bu məsələdə doğru yolda olduğunu deyib.
İran lideri prezident seçilməsini dünya üçün sülhə doğru atılan addım adlandıraraq İraqda və Suriyada baş verən hadisələri fəlakət adlandırıb: "Fələstində yaşanan hadisələr isə daha dəhşətlidir, çünki fələstinlilər suriyalılara və iraqlılara nisbətdə daha çox zorakılığa məruz qalıb".
BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını tənqid atəşinə tutan Ruhani sanksiyalar zamanı insanların cəzalandırıldığını, xalqların necə çətin vəziyyətə düşdüyünün şahidi olduğunu qeyd edib. Prezident eyni zamanda müasir dövrdə nüvə və digər kütləvi qırğın silahlarına yer olmadığını deyərək İran İslam Respublikasının bu silahları istehsal etməsində məqsədinin yalnız sülh yaratmaq olduğunu bildirib: "Düşünürəm ki, ABŞ-la İran arasında həlli olmayan məsələ yoxdur. İki ölkənin fərqi yalnız idarəetmədir".
İran liderinin BMT-də çıxışında ABŞ-ın nümayəndə heyətinin salonu tərk etməməsi məsələsi isə təşkilat üzvləri tərəfindən müxtəlif cür izah edilib. Əksəriyyət hesab edir ki, buna səbəb Obama çıxış edərkən ilk dəfə olaraq İranın nümayəndə heyətinin salonu tərk etməməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB