Çexiyanın keçmiş prezidenti parlament seçkilərində iştirak etməyəcək

Çexiyanın keçmiş prezidenti parlament seçkilərində iştirak etməyəcək

Çexiya prezidenti Miloş Zeman növbədənkənar parlament seçkiləri keçiriləcəyini elan etdiyi gün ölkənin keçmiş prezidenti Vatslav Klaus çoxdan gözlənilən bəyanatla çıxış edib.

Cəmiyyətdə və KİV-lərdə dəfələrlə bildirilib ki, "Suverenitet" partiyasının siyahısında birinci olan V.Klaus parlamentə üzv seçiləcək. Çexiyanın siyasi həyatının arxa planında dayanan bu partiya Avropaya inteqrasiyanın əleyhinə çıxır. V.Klaus partiyanın rəhbəri Yan Boboşikovun təklifinə görə ona minnətdarlığını bildirib, lakin seçkilərdə iştirak etməməyi qərara alıb.

Keçmiş prezident siyasətə qayıtmaqda maraqlıdır. Lakin onun fikrincə, seçkilərə qalan iki ay ərzində yeni partiya yaratmaq, yaxud fəaliyyətdə olan partiyanı seçkilərdə ləyaqətlə iştirak etmək üçün hazırlamaq qeyri-mümkündür.

Vatslav Klaus jurnalistlərə müraciətində "ürək ağrısı ilə" seçkilərdə iştirak etməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə