Elman Nəsirli: "Əsədin cismani məhvi Avropanın və ABŞ-ın gündəliyindədir" MÜNASİBƏT
"BMT-nin qərarı olmadan 2003-cü ilin mart ayının 19-dan 20-nə keçən gecə İraqda törədilən hadisə yaxın günlərdə Suriyanı da gözləyir". SİA-ya açıqlamasında Prezident Yadında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli Suriyada baş verən hadisələri şərh edərkən belə deyib.
O bildirib ki, avqust ayının 21-də Dəməşq yaxınlığında əhaliyə qarşı kimyəvi silahın tətbiqilə bağlı məsələ gündəmə gəldikdən sonra artıq Avropa dövlətləri və ABŞ rəhbərliyi hesab edir ki, Bəşər Əsəd bu addımı ilə qırmızı xətti keçib: "Hazırda BMT ekspertləri Dəməşqdə baş verən hadisələrlə bağlı təvtiş prosesinə başlasalar da, ABŞ müttəfiqlərində belə bir inam var ki, bu, gecikmiş addımdır. Çünki faciədən 5 gün sonra hadisənin izləri itə bilər. Bir neçə gün öncə Malaziyada səfərdə olan ABŞ-ın müdafiə naziri bildirib ki, Amerikanın müdafiə strukturları istənilən ssenari üzrə hərəkətə keçməyə hazırdır və yalnız Barak Obamanın əmrini gözləyir. Eyni zamanda Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq də bu günlərdə Bəşər Əsədin qırmızı xətti keçdiyini qeyd edib. O bildirib ki, artıq bundan sonra məsələ BMT-də müzakirə olunmadan, Suriyaya hərbi güc tətbiq etmək mümkündür. Oxşar mövqe ilə Fransanın xarici işlər naziri Loran Fabius çıxışında qeyd edib ki, Suriya ilə bağlı bütün variantlar içərisində ən müsbəti hərbi müdaxilədir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə deyib ki, dünyanın 35 ölkəsi Suriyaya qarşı koalisiya formalaşdırmaqdadır və onlar BMT Təhlükəsizlik Şurasının versiyasına alternativ versiya üzərində işləyirlər".
Artıq Suriya ətrafında halqanın getdikcə daraldığını deyən politoloq bildirib ki, bəzi kütləvi informasiya vasitələrinə görə müharibə iki günə, bəzilərinə görə isə yaxın bir həftyə başlayacaq: "ABŞ-ın iki aviadaşıyıcısı Aralıq dənizindən Suriya sahillərinə yaxınlaşmaqdadır və bu gəmilərə Böyük Britaniya və Fransa dətək göstərir. Vəziyyətin son dərəcə dramatik xarakter aldığını görən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə keçirdiyi son brifinqdə vəziyyətin son dərəcə kritik olduğunu qeyd edib. Lavrov onu da deyib ki, xarici dövlətlərin Suriyaya hücumu nəticəsində vətəndaş müharibəsinin başa çatacağını düşünənlər yanılırlar. Bu heç də belə olmayacaq, əksinə vəziyyət daha da pisləşəcək, ölkədə xaos genişlənəcək. Rusiyanın xarici işlər naziri Suriya məsələsinin necə yekunlaşacağından asılı olmayaraq, Rusiyanın heç bir ölkə ilə müharibə etmək fikrində olmadığını da deyib. Bu da onu göstərir ki, Suriyada siyasi böhran pik vəziyyətə çatıb. Hazırki vəziyyətdə bu ölkəyə qarşı NATO qüvvələrinin tətbiqi gündəmdədir və Əsəd rejiminə qarşı mübarizə özünün son mərhələsindədir. Ən əsası isə Əsədin cismani məhvi Avropa və ABŞ-ın gündəliyindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB