Yaponiyada seçki kampaniyası start götürüb

Yaponiyada seçki kampaniyası start götürüb

İyulun 4-də Yaponiyada parlamentin yuxarı palatasına iyulun 21-də keçiriləcək seçkilərlə bağlı kampaniya başlamışdır. Namizədlər palatadakı 121 deputat yeri uğrunda mübarizəyə qoşulublar.

Seçki komissiyası 433 nəfərin namizədliyini qeydə alıb. Namizədlərin 271-i 47 birmandatlı seçki dairəsi üzrə 73 yerə iddialıdır. Hakim Liberal-Demokratik Partiyası 47 namizədlə, Kommunist Partiyası 46 namizədlə, Demokratik Partiyası 35 namizədlə təmsil olunur. "Hamının partiyası"nın 19, "Yaponiyanın Bərpası Partiyası"nın 14, Komey partiyasının 4 namizədi və 89 bitərəf namizəd vardır.

Proporsional sistem üzrə 48 deputat mandatı uğrunda isə 12 siyasi partiyanın 162 namizədi mübarizə aparacaqdır.

İcmalçılar hakim Liberal-Demokratik Partiyası ilə Komey Partiyasının yuxarı palatada irəli sürülən qanun layihələrinin qəbuluna nail olmaq üçün yerlərin çoxuna yiyələnmək uğrunda gərgin mübarizəsini izləyəcəklərini bildirirlər.

Vüqar Ağayev

Bütün xəbərlər Facebook səhifəmizdə