Misir prezidenti xalqa müraciət edib

Misir prezidenti xalqa müraciət edib

Məhəmməd Mursi Misirin qanuni seçilmiş prezidenti olduğu üçün istefa verməkdən imtina edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu bəyanatla o televiziya ilə xalqa müraciət edib.

Misir prezidenti müraciətində ordunu gündəlik vəzifələrini icra etməyə çağırıb: "Mənim legitimliyimə və vəzifədə olmağıma zəmanət verən bir sıra qanunlar var. Xahiş edirəm, mənə inanın ki, keçmişin fəsadlarının, korrupsiyasının öhdəsindən gəlmək üçün bizə vaxt gərəkdir. Keçmiş rejimin nəticəsi olan bütün çağırışlara cavab vermək üçün, problemləri həll etmək üçün bizə vaxt verin. Mənim öz vəzifəmin icrasını davam etməkdən başqa heç bir seçimim yoxdur. Ordu və polis də daxil olmaqla, ölkənin bütün vətəndaşlarına demək istəyirəm ki, qanunçuluğa heç bir alnernativ yoxdur. Mən Misir tarixində demokratik yolla seçilmiş ilk prezidentəm".

Eyni zamanda Misir prezidenti Məhəmməd Mursi ordu komandanlığından ölkədə siyasi böhranın aradan qaldırılması üçün 48 saat ərzində siyasətçilər arasında razılaşmanın əldə olunmasını tələb edən ultimatumunu geri çağırılması tələbi ilə də çıxış edib.

Xatırladaq ki, Misir Silahlı Qüvvələrinin komandanlığı "xalqın tələblərinin yerinə yetirilməsi üçün" iyulun 1-də 48 saat vaxt verib. Misir ordusu bəyan edib ki, əks təqdirdə, ordu ölkənin böhrandan çıxarılması prosesini öz nəzarəti altında həyata keçirməyə başlayacaq. Bəzi xarici KİV-lərin məlumatına görə, Misir ordusu ölkə konstitusiyasının qüvvəsinin dayandırılması və parlamentin buraxılmasını nəzərdə tutan böhranın tənzimləməsi planını artıq tərtib edib.

Qeyd edək ki, Ötən gün prezidentin əleyhdarları və tərəfdarları arasında toqquşmalarla müşaiyət olunan izdihamlı aksiyalar davam edib. Qahirə Universiteti yaxınlığında Misir prezidenti Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında baş vermiş toqquşmalarda 16 nəfər ölüb, 200-dək insan isə yaralanıb. Xəsarət alanların çoxu güllə yaraları ilə xəstəxanalara daxil olub, onların vəziyyətinin kritik olduğu bildirilir.

Bu arada komandanlıq ordu birləşmələrini hərəkətə gətirərək ölkənin bütün əyalətləri üzərində nəzarəti gücləndirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə