Konqresmenlər Milli Kəşfiyyat İdarəsindən hesab sorur

Konqresmenlər Milli Kəşfiyyat İdarəsindən hesab sorur

Bir qrup senator ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepperə müraciət edib.

Qanunvericilər Edvard Snouden tərəfindən ifşa edilmiş elektron izləmə proqramları barədə əlavə məlumatların açıqlanmasını xahiş ediblər.

Müraciəti 26 senator imzalamışdır, onlardan 21 nəfəri demokrat, dördü respublikaçı və biri müstəqil senatordur. Xatırladırıq ki, ümumiyyətlə, ABŞ senatında yüz adam işləyir.

Senatorlar təəssüflə bildiriblər ki, izləmə barədə informasiya hökumətin şüurlu qərarı nəticəsində deyil, məlumat sızması ucbatından aşkar olub.

Qanunvericilər Obamanın milli təhlükəsizlik maraqları ilə vətəndaşların şəxsi həyatının toxunulmazlığı hüququ arasında tarazlıq barədə ictimai dialoqu yoluna qoymaq niyyətini alqışlayıblar.

Senatorlar elektron nəzarətin vətəndaş azadlıqlarını məhdudlaşdırmasından və ictimaiyyəti milli təhlükəsizlik məsələlərinin dərindən müzakirəsindən kənarlaşdırmasından narahatdırlar.

Onlar bu təqibin nə vaxtdan aparıldığı, izləmə prosesində məhkəmə orderlərinin pozulmasına yol verilib-verilmədiyi ilə maraqlanıblar.

Bundan başqa, onlar izləmə nəticəsində əldə edilmiş məlumatların konkret fayda verdiyini təsdiqləyən misallar göstərməyi xahiş edirlər.

ABŞ hökuməti təsdiq edir ki, Snouden tərəfindən ifşa edilmiş izləmə proqramları qanuni və səmərəlidir.

Lakin ictimaiyyət və mətbuat, xüsusən də ABŞ-ın hüdudlarından kənardakı mətbuat elektron casusluq faktlarından qəzəblənib.

Milli Təhlükəsizlik Agentliyi ABŞ vətəndaşlarına nisbətən əcnəbiləri daha özbaşınalıqla izləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə