Avrozona ölkələrinin maliyyə nazirləri razılığa gəliblər

Avrozona ölkələrinin maliyyə nazirləri razılığa gəliblər

Avrozona ölkələrinin maliyyə nazirləri problemli bankları nə vaxt və necə xilas edəcəkləri barədə razılığa gəliblər.

Bildirilib ki, kredit təşkilatlarının yenidən kapitallaşdırılması üçün 500 milyard avroluq Avropa sabitləşdirmə mexanizmi fondlarının 60 milyard avroyadək vəsaitindən istifadə oluna bilər. Müstəsna hallarda bu həcm direktorlar şurasının qərarı ilə artırıla bilər. Bundan sonra bankları xilas etmək üçün avrozona ölkələrinin dövlət büdcələrindən pul ayrılmayacaq.

Almaniyanın maliyyə naziri Volfqanq Şoyble bu qərarı alqışlayıb, lakin maliyyəçiləri yalan vədlərə uymamağa çağırıb.

O deyib ki, likvidliyi çatışmayan hər bank Avropa sabitləşdirmə mexanizminə pul üçün müraciət etsə, bu layihənin özü mənasız olar.

Yalnız o banklara yardım göstəriləcək ki, onlar özlərinin müflisləşməsinin bütün avrozonanın sabitliyi üçün təhlükəli olacağını sübut edə bilsinlər: "Bu gün biz Avropa sabitləşdirmə mexanizminin yenidən kapitallaşdırma alətinin əsas parametrləri barədə siyasi razılıq əldə etmişik.

Bu, bank ittifaqının təməl daşlarından biridir və mən çox şadam ki, biz belə razılaşmaya nail olmuşuq".

Bütün xəbərlər Facebook səhifəmizdə