Avropa daşqınlarla bacara bilmədi...

Avropa daşqınlarla bacara bilmədi...

Almaniyada daşqınlar artıq ikinci həftədir ki, davam edir. SİA-nın məlumatına görə, bu daşqınların vurduğu ziyan təqribən 10-12 milyard avro ola bilər. AFR-in iqtisadiyyat naziri F.Resler deyib ki, daşqın qurbanlarına yardım üzrə xüsusi fonddan zərərçəkənlərə birdəfəlik kompensasiya ödəniləcək.

Qeyd edək ki, daşqın ölkənin şimalınadək gedib çıxıb. Şlezviq-Qolşteyn əyalətində Lauenburq şəhəri yaxınlığındakı ölçü postunda Elba çayında suyun səviyyəsinin ən yüksək – dördüncü səviyyəyə qalxması qeydə alınıb.

Burada təqribən 200 adam başqa yerə köçürülüb.

"Sueddeutsche Zeitung" qəzeti xəbər verir ki, ölkənin şərqində çaylarda suyun səviyyəsi aşağı düşdüyü halda, iyunun 12-də şimalda rekord göstəricilərə çatıb.

"Fitch" reytinq agentliyi mütəxəssislərinin hesablamalarına görə, daşqınların vurduğu ziyan 12 milyard avroya çata bilər. Bu məbləğin 2,5-3 milyard dollarını sığorta şirkətləri ödəməli olacaq.

Leysanın doğurduğu daşqınlar təxminən iki həftə əvvəl Çexiyada başlanıb. Avropada azı 15 nəfər təbii fəlakətin qurbanı olub. Çexiyanın demək olar ki, hər yerində fövqəladə vəziyyət tətbiq edilib.

Almaniyada Bavariya, Saksoniya, Baden-Vürtemberq və Türingiya əyalətində daha çox ziyan dəyib.

Avstriyanın qərbində dəmiryol və avtomobil nəqliyyatının hərəkəti çətinləşib, yüzlərlə yerli sakin köçürülüb, daşqının nəticələrinin aradan qaldırılmasında minlərlə adam iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə