Əcnəbilər İspaniyanı tərk edir

Əcnəbilər İspaniyanı tərk edir

İspaniya Milli Statistika İnstitutunun məlumatına görə, ölkə sakinlərinin sayı 206 min nəfər azalıb 47,1 milyon nəfərə enib, özü də bu azalma qeydə alınmış xarici rezidentlərin sayının azalması ilə bağlıdır. Keçən il ispanların sayı 10 min nəfər artıb. Bu artım ötən illərdəkindən azdır, əcnəbilərin sayı isə 216 min nəfər azalıb.

Ölkədən çıxıb gedənlərin əksəriyyəti buraya Kolumbiya, Ekvador və ya Boliviyadan gəlib. Belə dinamikanın əsas səbəbi işsizliyin yüksək səviyyədə olmasıdır. İşsizlik dalbadal yeddinci rübdür ki, artır və artıq 27,2 faizə çatıb ki, bu da 1970-ci illərin əvvəlindən bəri misli görünməmiş maksimum göstəricidir.

Son statistik məlumatlar göstərir ki, İspaniyada işsizlərin sayı Danimarkanın bütün əhalisinin sayından çoxdur. Gənclər arasında işsizlik səviyyəsi 57 faiz təşkil edir.

Ekspertlər qeyd edirlər ki, 2000-ci ildən 2009-cu ilədək ölkəyə gələn mühacirlərin sayı kəskin şəkildə artıb, lakin iqtisadi böhran qısa zamanda buna son qoyub.

Keçmiş mühacirlərin özləri deyirlər ki, indi Latın Amerikası ölkələrinin imkanları İspaniyadakından xeyli çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə