Berezovskinin evində təhlükəli maddə tapılmadı

Berezovskinin evində təhlükəli maddə tapılmadı

İngiltərədə müharicətdə dünyasını dəyişən rus oliqarx Boris Berezovskinin şübhəli ölümü ilə bağlı araşdırmalar davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polis martın 23-də evində meyiti aşkarlanan Berezovskinin İngiltərədəki malikanəsində apardığı araşdırmada heç bir təhlükəli maddə tapılmadığını açıqlayıb.

Ölüm səbəbi ilə bağlı istintaqın də normal şəkildə davam edəcəyi bildirilib.

Vəkili 67 yaşlı Berezovskinin son illərdə maddi problemlərlə qarşılaşdığını, tablolarını satışa çıxardığını, 2 ay əvvəl də Rusiyaya qayıtmaq üçün prezident Vladimir Putinə məktub yazdığını deyib. Müdafiəçisi keçmişdə bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalan Berezovskinin psixoloji vəziyyətinin pisləşdiyini bildirib.

Qeyd edək ki, Boris Berezovski 1990-cı illərdə o dövrün prezidenti Boris Yeltsinlə yaxın əlaqələri sayəsində dövlət şirkətlərini ucuz qiymətə alaraq neft və avtomobil sahəsində özünün biznes imperatorluğunu qurub. Putinin iqtidara gəlməsinə də dəstək verən yəhudi əsilli milyarder 90-cı illərin sonlarında media sahəsində də söz sahibi olub. ORT-nin İdarə Heyətinin üzvü, TV-6 kanalının, "Kommersant", "Nezavisimaya Gazeta", "Novaya İzvestiya" kimi qəzetlərin sahibi olub. Ancaq 2000-ci illərin əvvəllərində Putinlə münasibətləri pisləşən oliqarxın Rusiyadakı biznesi çökdürülüb. Haqqında çox sayda cinayət işi açılan Berezovski ölkədən qaçaraq İngiltərəyə sığınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə