Aviareyslərin 25 faizi təxirə salınıb. Bəzi bölgələrdə məktəblərdə tətil elan edilib.
Avropada qar kabusu

Avropanın bəzi ölkələrində mart ayı üçün qeyri-ənənəvi olan qarlı hava müşahidə edilir.

Fransada gözlənilmədən yağan qar ölkənin şimal-qərbində 70 minə yaxın evin işıqsız qalmasına səbəb olub. Yolların bağlanması nəticəsində yüzlərlə adam gecəni qar əsarətində keçirməli olub. Paytaxt Parisdə nəqliyyatın hərəkəti iflic olub. Normandiyada qarın hündürlüyü 60 santimetrə çatıb.

Paris hava limanlarında pis hava şəraiti ilə əlaqədar aviareyslərin 25 faizi təxirə salınıb. Bəzi bölgələrdə məktəblərdə tətil elan edilib.

Böyük Britaniyada da qar yollarda nəqliyyatın hərəkətini iflic edib. Uzunluğu bir neçə kilometrə çatan tıxaclar yaranıb. İngiltərənin şərqində minlərlə avtomobil yollarda qalıb. Martda -7 dərəcə temperatur İngiltərədə 1986-cı ildən bəri ilk dəfə qeydə alınıb. Sinoptiklər temperaturun -13 dərəcəyədək düşəcəyini proqnozlaşdırırlar.

Belçikada isə qar uzunluğu ümumilikdə 200 kilometrə çatan tıxacların yaranmasına gətirib çıxarıb. Normadan artıq yağıntı elektrik enerjisi təchizatında fasilələrə səbəb olub.

Almaniyada da pis hava şəraiti müşahidə edilir. Buzlaşma və qar uçqunları səbəbindən, eləcə də qar təmizləmə texnikasının çatışmamasından dolayı yollarda əsl nəqliyyat xaosu yaşanır. Qar yağması dəmiryol nəqliyyatının işinə də təsir göstərib.

Analoji vəziyyət Polşada da qeydə alınıb. Burada da mülayim keçən qışın sonu güclü qar yağması sakinlərin təəccübünə səbəb olub. Sinoptiklər Avropada pis hava şəraitinin azı 2 gün də davam edəcəyini proqnozlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə