Uqo Çaves öldü

Venesuela prezidenti Uqo Çaves vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda məlumatı Venesuelanın vitse-prezidenti Nikolas Maduro bəyan edib. Çaves yerli vaxtla martın 5-də saat 16.25-də vəfat edib. Rəsmi olaraq ölümün səbəbi hələlik açıqlanmasa da, Çavesin 2011-ci ilin ortalarından onkoloji xəstəlikdən əziyyət çəkdiyi məlum idi.

Prezidentin ölümü ilə bağlı Venesuelada 7 günlük matəm elan olunub. Venesuela hökuməti Uqo Çavesin xəstəliyini düşmənlərin törətdiyi təxribat adlandırıb. Hətta Uqo Çavesin özü də ABŞ-ın insanları xərçəng hüceyrələri ilə yoluxduran bir vasitə icad edə biləcəyini istisna etməyib.

Venesuelanın Silahlı Qüvvələri artıq vitse-prezident Nikolas Maduroya hərbi and içiblər. Ölkənin qanunlarına əsasən, yaxın 30 gün ərzində yeni dövlət başçısının seçkiləri elan oluna bilər.

Uqo Çavesin ölümündən sonra N.Maduro ölkədən iki ABŞ diplomatının çıxarılmasına dair göstəriş verib. Səfirliyin hər iki əməkdaşı casusluqda ittiham olunaraq "persona non qrata" elan olunub.

Qeyd edək ki, Uqo Çavesin dəfn mərasimi martın 8-də keçiriləcək.

Xatırladaq ki, martın 5-də Uqo Çavesin səhhətinin pisləşməsi barədə xəbər yayılıb, bundan sonra isə Venesuela hökumətinin təcili iclası keçirilib. İclasa Uqo Çavesin xələfi Maduro sədrlik edib. Uqo Çaves 2012-ci ilin dekabrın əvvəlində Kubada onkoloji xəstəliklə bağlı əməliyyat olunub. Xərçəng xəstəliyi onda 2011-ci ilin ortalarında aşkar olunub. Əməliyyatdan sonra 2 ay o Qavana xəstəxanasında müalicə kursu keçib, fevralın ortalarında isə o qəfil Karakasdakı hərbi hospitala köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə