Con Kerri narazılığını ifadə etdi

Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması ABŞ dövlət katibini qane etmir
Con Kerri narazılığını ifadə etdi

ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasından narazılığını ifadə edib. Ermənistan KİV-ləri məlumat verir ki, bu barədə Kerrinin Ermənistan Prezidenti Serj Sarkisyana onun yenidən dövlət başçısı seçilməsi münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.

"Mən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının dinc həlli yolunun tapılması işində ölkənizə kömək etməyə hazıram və sizdən ATƏT-in Minsk qrupunun həmsədrlərinə yardımı davam etdirməyinizi xahiş edirəm. Status-kvonun saxlanması bizi qane edə bilməz, biz sülh prosesinə əsaslı yardımın təmin olunması üçün bu vaxtdan istifadə etməliyik", - təbrik məktubunda deyilir.

Qeyd edək ki, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə