"Futbol–xuliqanlıq oyunu deyil" – bu fikirlər ən uca kürsülərdən səslənsə də idmanın şahı sayılan bu oyun yarandığı tarixdən bəri qalmaqalsız ötüşmür. Futbol stadionları tez-tez zorakılıq meydanına çevrilir. Stadionlar dağıdılır, insanlar həlak olur, yaralanır, əl-ayaq altda qalır, ölkələrin həyat tərzi pozulur. Sonradan nə dəyən ziyanı aradan qaldırmaq asan olur, nə də yersiz qalmaqal üzündən dünyadan gedən insanları geri qaytarmaq. Keçən ilin fevral ayında Misir stadionunda baş verən faciənin davamı ölkədə bu gün yaşanır. Belə ki, Misirin Port Said şəhərində keçirilən "Əl Masri" - "Əl Əhli" qarşılaşmasından sonra yaşanan insident zamanı ən azı 73 nəfər həlak oldu, 100 nəfərdən çox azarkeş isə ağır yaralandı. Uzun illərdir aralarında düşmənçilik olan iki komandanın yarışında qalib gələn meydan sahiblərinin azarkeşlərinin stadiona axışması ilə başlayan insidentdə ölümlərin çoxu boğularaq və ya baş-başa alınan zərbələrlə yaşandı. Britaniyanın "BBC" kanalı isə azarkeşlərin əksəriyyətinin üzərində bıçaq olduğunu açıqladı.
Budur, 21 futbol xuliqanına oxunan ölüm hökmü yenidən Misiri qana boyayıb.
2014-cü ildə dünya çempionatına, 2016-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Braziliya da futbol xuliqanlarına qarşı əməliyyata başlayıb. Əməliyyat çərçivəsində 13 nəfər həbs olunub. "Xuliqan" adı verilmiş əməliyyat zamanı Rio de Janeyro və ətraf ərazilərdə cinayət, silah gəzdirmə və qanunsuz qruplaşma yaratmaq ittihamı ilə 19 nəfər axtarılır. Polis rəsmiləri dünya çempionatı və olimpiadaya qədər əməliyyatların davam edəcəyini bildirir.
Bir güllə ilə iki dovşan
Rusiyanın yeni qanun layihəsi də stadionlarda xuliqanlıq edən azarkeşlərə ciddi cəzalar verilməsini təklif edir. Sənəd inzibati hüquq pozuntuları – ictimai asayişi pozan, kütləvi idman tədbirləri zamanı qalmaqallar yaradan fanatlarla bağlıdır. Belə ki, oyunlar zamanı stadionlarda və oyundan sonra küçələrdə iğtişaş törədənləri kəskin cəzalar gözləyir. Beynəlxalq səviyyəli oyunlar zamanı qalmaqalçıları ictimai işlərə göndərəcəklər. İdman qaydalarını pozan fanatları 40 saatdan 200 saata qədər iş gözləyir. Bu sənəd xüsusilə əhəmiyyətli sayılan kütləvi idman tədbirlərinin keçirilməsinə hesablanıb.
Qanun layihəsi eyni zamanda, bir güllə ilə iki dovşan vurmağa bənzəyir. Birinci: vandallar stadiona buraxılmayacaq və dinc azarkeşlər oyundan zövq ala biləcəklər. İkincisi, futbol xuliqanları cəmiyyət üçün xeyirli bir iş görəcəklər. Məsələn, divar rəngləyəcəklər, küçə süpürəcəklər. Yəni ki, onların enerjisi daha çox dinc və xeyirli məqsədlər üçün istifadə ediləcək.
"Partladıcı azarkeşi"
Rusiya DİN-nin məlumatına görə, keçən il futbol oyunlarında 2000 hüquq pozuntusu qeydə alınıb. Azarkeşlər daha çox içkili olublar və xırda xuliqanlıqlar törədiblər. Bundan əlavə, pirotexnika ilə əlaqəli 320 hadisə qeydə alınıb. Elə keçən ilin noyabr ayında Rusiya premyer liqasının xuliqanlıq hərəkətinə görə yarımçıq qalmış "Dinamo" (Moskva) - "Zenit" (Peterburq) matçı ətrafında yaşanan qalmaqalı misal göstərmək kifayətdir. "Dinamo" klubu oyunun gedişində "Zenitin" qapısından top keçirdikdən və 1:0 hesabı ilə irəliyə çıxdıqdan sonra "Zenit" azarlkeşləri tribunadan meydançaya fişəng atmağa başlayıblar.
Fişənglərdən biri "Dinamo" qapıçısı Anton Şuninin yaxınlığında partladıqdan sonra qapıçı üzünü tutaraq yerə yıxılıb.
Məlum olub kı, fişəng partlayışı nəticəsində ətrafa saçan od-alov futbolçunun gözlərini zədələyib, Anton Şuninin göz bəbəkləri kimyəvi yanıq alıb. İş ondadır ki, stadionda xuliqanlıq hərəkətləri qadın azarkeşlər tərəfindən törədilib. Bu faktı stadiondakı videokameralar qeydə alıb. Mətbuat polisin ehtimalına istinadən yazır ki, qadın azarkeşlər stadiona fişəngləri "bədənlərinin boşluqlarında" gətirə bilərlər.
Hazırda bir çox ekspertlər problem üzərində baş sındıraraq fanatların daha çox partladıcılardan istifadə etməyindən narahatdırlar. Problem isə artıq bütün dünya futbolu ilə əlaqədardır.
Ekspertlər düşünür: əgər stadiona gəlmək əvəzinə "partladıcı azarkeşi"ni döşəmə və ya ictimai tualet yumağa məcbur etsələr, nə baş verəcək? Cavablar isə təxminən belədir: "İnsan işlə məşğul olanda onun beyninə axmaq fikirlər düşmür".
Maraqlıdır ki, xokkey azarkeşləri futbol həmkarlarına nisbətdə daha mədəni görünürlər. Polis keçən ilin noyabr ayında buz oyunları zamanı 175 hüquq pozuntusu qeydə alıb. Onların dörddə üçü içkili vəziyyətdə olub.
Qanun layihəsinin müəllifləri əmin edirlər ki, xarici təcrübə daha radikal vasitələr təklif edir. Analoji praktika bu cür adamları ümumiyyətlə, idman yarışlarına daxil olmağı qadağan edir. Məsələn, futbolun vətəni sayılan və futbol xuliqanlıqları ilə az qala rekord qıran Böyük Britaniyada bu cür fanatların kütləvi idman tədbirlərinə daxil olması qadağandır. Belə ki, xuliqan-fanatlar oyunlar zamanı polis məntəqəsinə dəvət edilir və orada kollektiv şəkildə televizorda oyunu izləməli olurlar. Amma bir çox ölkələr üçün qalmaqalçı fanatın polisə gətirilib orada televizoru izləmək variantını təsəvvür etmək də çətindir.
Hələlik sənəd Dövlət Dumasına göndərilib. Rəylər və təkliflər fevral ayında bəlli olacaq.
Ancaq bu layihə yarış meydanlarında, xüsusən stadionlarda nizam-intizam yaratmaq üçün yeganə təklif deyil. Bir çoxları xuliqan fanatlar üçün inzibati qadağaların həyata keçirilməsini təklif edir: Məsələn, stadionun qapıları arzuolunmaz şəxs kimi bir il müddətinə onların üzünə bağlansın. Bu qaydanı pozacağı təqdirdə azarkeş 15 günlük həbsə göndərilə bilər. Qanun layihəsi nəzarətçi kimi tamaşaçıların beynəlxalq və digər əhəmiyyətli idman yarışlarında təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Sənəd bir növ insanların müdafiəsində və asayişin keşiyində dayanan fiziki şəxs rolunu oynayacaq. Tamaşaçılar üçün də ayrıca hüquq və vəzifələr müəyyənləşdirilir. Belə ki, azarkeşlərin davranış qaydaları hökumət tərəfindən müəyyən edilir.
Başqa bir qanun layihəsi isə azarkeşlərin davranışlarını formalaşdıran idman klubları ilə bağlıdır. Məqsəd azarkeş klubları arasında anlaşma - idman azarkeşlərinin üzv olduqları ictimai təşkilatların idmançılarına və kollektivə dəstək olmasıdır. Bu cür klublar təşkilatçılarla razılaşma əldə edib və öz üzvlərini yarışlara könüllü kimi göndərirlər. İdman klubları idman azarkeşlərinin təşkilatlanmasına, azarkeşlərin klublarla əməkdaşlığına və onların klub proqramlarında işini genişləndirməyə hesablanıb. Müəlliflər iddia edirlər ki, onların əməyi vəhşi azarkeşləri tərbiyəli insana çevirəcək. Təklifin reallaşması qarşılıqlı hörmət və etimada, həmçinin idman yarışlarında təhlükəsizliyə və qayda-qanun yaratmağa təminat verir.
Azarkeşsiz oyun
Qeyd edək ki, futbol ölkəsi olmasaq belə, futbolu inkişaf etdirməyə çalışan bir ölkə kimi bizdə də ara-sıra bu qəbil insidentlər yaşanır.
Məsələn, keçən il "Xəzər Lənkəran" - "Neftçi" oyunu zamanı "Neftçi" fan-klubları ilə "Xəzər-Lənkəran" fan-klubları arasında yaşanan insidenti götürək. Futbol matçı "Xəzər-Lənkəran" stadionuna yığışan fanatların qonaqların oturduğu tribunaya müxtəlif əşyalar, otaracaqlar atması, oyunun sonunda rəqib komandanın bayrağını yandırılması və s. qarşıdurmalarla yadda qaldı... Yaşanan olaydan sonra isə on illərə qurulan stadionun görkəmini təsəvvür etmək çətin deyil...
Düzdür, bizdə də əhəmiyyətli oyunlar zamanı baş verəcək insidentlərin qarşısını almaq üçün müəyyən qaydalar mövcuddur. Məsələn, ölkədə 1999-cu ildən idman tədbirləri, o cümlədən futbol oyunları zamanı zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında Avropa Konvensiyasına qoşulmaq barədə qanun qüvvədədir. Ancaq görünür bəzi məqamlarda qalmaqala adətkar olan insanların ram olunmasında konvensiyanın öhdəlikləri yada düşmür. Hərçənd baş verən hadisələrlə bağlı xuliqanlıq maddəsilə cinayət işləri açılır: müəyyən adamlar saxlanılır, həbs edilir, klublar cərimələnir, dəyən ziyanın aradan qaldırılması üçün yollar axtarılır və s.
Bununla belə, bizdə məsələ ilə bağlı hər hansı qanun layihəsinin müzakirəsinə ehtiyac duyulmur. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hesab edir ki, bizdə azarkeşə görə məsuliyyəti klublar daşıyır: "Əgər klubun azarkeşi qanunsuzluğa yol verirsə həmən klub cavabdehdir. Əgər oyun zamanı böyük bir cinayətə yol verilibsə, klub cinayət məsuliyyətinə cəlb edilir". Dünyanın hər yerində bu cür hadisələrin baş verdiyini qeyd edən PFL prezidenti futbol xuliqanlığının qaçılmaz olduğu qənaətindədir: "Bu cür hadisələr olub, olacaq da. Bunun qarşısı alınmazdır. Bu, azarkeşdir. Əgər o komandasını dəstəkləyirsə, bu cür hadisələr baş verəcək. Ancaq mən bu cür hadisələrin tərəfdarı deyiləm". PFL prezidenti çarəni klub rəhbərlərinin azarkeşlərlə tez-tez söhbətlər aparmasında görür. Belə ki, azarkeşlərə izah edilir ki, əgər bu cür hadisələr baş verərsə, həmin komanda azarkeşsiz oyun keçirməlidir. "Bu da onlar üçün ən böyük cəzadır. Bu artıq bizdə təsdiq olunub".
Əlbəttə, futbolu və ya hər hansı idman oyununu yarış meydanından canlı izləmək hər kəsin hüququdur. Amma təbii ki, qaydalar çərçivəsində. Futbol sərhəd tanımasa da, qayda-qanunların sərhədi var – həm klublar, həm azarkeşlər, həm də futbol rəsmiləri üçün.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB